Goranboyda tibbi müayinələr 3 xəstəxanada və 22 tibb məntəqəsində aparılır
Goranboy, 31 mart (AZƏRTAC). Əhalinin tibbi müayinəsinin keçirilməsi ilə bağlı dövlətimizin başçısının verdiyi tapşırıq və tövsiyələr Goranboy rayonunda da yüksək səviyyədə icra olunur.
Mərkəzi rayon xəstəxanasının baş həkimi Rüstəm Budaqov AZƏRTAC-a demişdir ki, fevral ayının 17-dən may ayının 1-dək humanitar aksiya çərçivəsində 85 minədək sakinin tibbi müayinədən keçirilməsi nəzərdə tutulmuşdur. Əhalinin müayinəsi 3 xəstəxanada və 22 tibb məntəqəsində aparılır. Təşkil olunmuş 5 həkim briqadası qrafik üzrə kənd tibb məntəqələrində olur, sakinləri müayinədən keçirirlər.
Artıq 34 min nəfərdən çox goranboylu tibbi müayinədən keçmişdir ki, onlardan da 150 nəfər stasionar, 5 min nəfər isə ambulator müalicəyə cəlb olunmuşdur.