Görkəmli iqtisadçı alim Qəzənfər Abbasovun 80 illik yubileyi qeyd olunub
Bakı, 31 may, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) görkəmli iqtisadçı alim, professor Qəzənfər Abbasovun 80 illik yubileyi qeyd olunub.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, yubiley tədbirində mühasibat uçotu və audit kafedrasının professoru Qəzənfər Abbasovun müəllifi olduğu kitablar nümayiş olunub.
Universitetin inzibati və təşkilati məsələlər üzrə prorektoru, dosent Şaiq Əsgərov yubilyarın 65 illik səmərəli elmi-pedaqoji fəaliyyətindən danışıb. Bildirib ki, ömrünün böyük bir hissəsini mühasibat uçotunun tədrisinə, bu sahənin elmi araşdırılması və ixtisaslı kadrların hazırlanmasına həsr edən alim, onlarla dərslik və dərs vəsaiti, mindən çox elmi məqalənin müəllifidir. O, Q.Abbasovun sanballı elmi-tədqiqatlar apardığını, alimin elmi rəhbərliyi ilə onlarla gənc tədqiqatçının mühasibat uçotu üzrə fəlsəfə doktoru elmi adlarına layiq görüldüyünü diqqətə çatdırıb.
Tədbirdə Q.Abbasova mühasibat uçotu sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasında uzunmüddətli və səmərəli elmi-pedaqoji fəaliyyətinə görə Təhsil Nazirliyinin fəxri fərmanı təqdim olunub.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə Q.Abbasovun alim kimi universitetin, eləcə də ölkənin ictimai həyatında fəal rol oynadığını bildirib. Gənc nəslin təlim-tərbiyəsində xidmətləri, səmərəli elmi-pedaqoji fəaliyyəti və geniş ictimai fəaliyyəti nəzərə alınaraq görkəmli alimə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin fəxri fərmanını təqdim edilib.
Maliyyə Nazirliyinin Maliyyə Elm Tədris Mərkəzinin direktoru Elman Hüseynov Q.Abbasovun maliyyə sahəsində göstərdiyi əvəzsiz xidmətlərdən danışıb. Onun baş redaktoru olduğu “Maliyyə və uçot” jurnalının iqtisadçıların stolüstü dərgisinə çevrildiyini diqqətə çatdırıb.
Tədbirdə UNEC-in prorektorları, professor Sakit Yaqubov, dosent Səadət Qəndilova, Milli Məclisin deputatı, professor Xanhüseyn Kazımlı, professorlar Sifariz Səbzəliyev, Əvəz Ələkbərov, fakültə dekanları yubilyarın mühasibatlıq sahəsinə verdiyi töhfələrdən danışıblar, alimlə bağlı xoş xatirələrini bölüşüblər.
Sonda 80 yaşlı professor ona ünvanlanan xoş sözlərə və təbriklərə görə tədbir iştirakçılarına minnətdarlığını bildirib.