GÖRKƏMLİ OFTALMOLOQ ALİM, AKADEMİK ZƏRİFƏ ƏLİYEVANIN XATİRƏ GÜNÜ
AZƏRTAC xəbər verir ki, aprelin 15-i görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirə günüdür. 1985-ci ilin bu bahar günündə dünyasını dəyişən, işıqlı amalların, nəcib duyğuların təcəssüm tapdığı bir ömür yaşayan Zərifə xanımın parlaq xatirəsi qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır. Zərifə xanım haqqında yazılmış xatirələri oxuyarkən, onu tanıyanların söhbətlərini dinləyərkən belə fikirlərə tez-tez rast gəlmək olar: “Zərifə xanım ləyaqətli, humanist, xeyirxah, mehriban insan idi”, “Hamıya əl tutar, hamının qəlbinə yol tapmağı bacararırdı”, “Zərifə xanım başqalarının dərdini, problemini özününkü hesab edərdi. Çünki insanları sevirdi. Peşəsində qazandığı uğurlar da bu xüsusiyyəti ilə bağlı idi”...
Qədim Naxçıvanın Şərur rayonunun Şaxtaxtı kəndində dünyaya göz açan Zərifə xanım çox zəngin və mənalı ömür yolu keçmişdir. Zərifə xanım görkəmli ictimai və dövlət xadimi, xalqımızın böyük oğlu Əziz Əliyevin ailəsində dünyaya göz açmışdı. Atasının ömür yolu onun üçün əsl həyat məktəbi olmuşdur. Zərifə xanım atasının prinsipial və humanist bir insan, peşəsinin dərin bilicisi, xalqın sevimlisi olması ilə həmişə fəxr etmişdir. Zərif barmaqları ilə insanların gözlərinə nur bəxş edən görkəmli alimin xarakterində təcəssüm tapan bir sıra nəcib xüsusiyyətlər Əziz Əliyev ocağının övladlarını başqalarından fərqləndirən cəhətlərdir. Bu ocağın yetirmələri Azərbaycanın tibb elminin, mədəniyyətinin və incəsənətinin inkişafında əvəzsiz xidmətlər göstərmişlər.
Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqəsinə həsr etmiş dahi şəxsiyyətin, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olmuşdur. Vaxtilə Əziz Əliyevin ailəsində görüb-götürdükləri yaxşı bir təcrübə kimi ölkənin birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatmışdır. O, ulu öndərimizə mənəvi dayaq, arxa olmuşdur.
Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Zərifə xanım Əliyeva Azərbaycan Dövlət Tibb Universitetini bitirəndən sonra Moskva Həkimləri Təkmilləşdirmə İnstitutunda təhsil almışdır. 1949-cu ildə Azərbaycan Elmi Tədqiqat Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi işçi kimi əmək fəaliyyətinə başlamış və bütün ömrünü oftalmologiyaya həsr etmişdir. 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Bütün həyatı boyu ona pənah gətirənlərin gözlərinə şəfa verən Zərifə Əliyevanın alim kimi xidmətlərində bir məqam diqqəti xüsusilə çəkir. O, malyariya və traxomaya qarşı fədakarlıqla mübarizə aparan atası Əziz Əliyevin yolunu uğurla davam etdirmiş, oftalmologiya elminə çox böyük töhfələr vermişdir. Zərifə Əliyeva gözün zədələnməsinin öyrənilməsi və profilaktikası sahəsindəki bir sıra orijinal kəşflərinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. O, keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın alim idi.
Akademik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim idi. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olmuş, “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.
Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Amma bu adlar sırasında ən şərəflisi Ana adıdır. Zərifə xanım ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, artıq dünya siyasətində öz nüfuzu ilə seçilən, praqmatik fəaliyyəti ilə Azərbaycanı bölgənin lider dövlətinə çevirən Prezidentimiz İlham Əliyevin anasıdır.