Göyçay məktəblərində qış mövsümünə hazırlıq işləri görülür
Göyçay, 15 noyabr (AZƏRTAC). Göyçay rayonunun orta ümumtəhsil məktəblərində qış mövsümünə ciddi hazırlıq işləri görülür.
AZƏRTAC xəbər verir ki, istilik sistemi quraşdırılan məktəblərin qazanxanalarında hazırda cari təmir işləri görülür, qurğular saz vəziyyətə gətirilir. Müasir istilik sistemi quraşdırılmayan məktəblərdə isə odun sobalarından istifadə məqsədilə odun tədarükünə başlanılmışdır. Payız-qış aylarında Göyçayın 57 orta məktəbindən 35-nin sinif otaqları odun sobaları vasitəsilə qızdırılacaqdır.
Rayon təhsil şöbəsindən bildirmişlər ki, qış vaxtı məktəblərdə əlverişli tədris şəraiti yaratmaq üçün zəruri olan amillərdən biri də soyuq havalarda sinif otaqlarının qızdırılmasıdır. Məlumata görə, bu günədək rayonun 21 orta ümumtəhsil məktəbinin yerləşdiyi binalar əsaslı şəkildə təmir edilmiş və ya yeni məktəb binaları tikilmişdir. Həmin binalar istilik sistemi ilə də təchiz edilmişdir. Sinif otaqları ilə yanaşı, dəhlizlərdə də istilik sistemləri quraşdırılmışdır. Odun sobası ilə qızdırılacaq məktəb binaları üçün artıq müəyyən qədər odun tədarükü görülmüşdür. Rayon təhsil şöbəsinin daxili imkanları hesabına məktəblərə lazımı qədər odun sobası və tüstü boruları alınaraq paylanmışdır. Bu istiqamətdə işlər davam etdirilir.
Bundan əlavə, soyuq aylarda sinif otaqları qızdırılan zaman istiliyin itməməsi üçün yeni dərs ili ərəfəsində bütün məktəblərdə qapı və pəncərələr təmir edilmişdir.