GÖYÇAYDA AQRAR SAHƏDƏ ÇALIŞAN SAHİBKARLARIN TOPLANTISI OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin “Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə” 2008-ci il 21 avqust tarixli Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı Göyçay rayonunda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarların toplantısı keçirilmişdir.
Tədbirdə rayon icra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Emin Əhmədov kənd təsərrüfatı məhsulları istehsalının stimullaşdırılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlərdən, məhsul istehsalçılarına göstərilən yardımların əhəmiyyətindən danışmışdır.
Bildirilmişdir ki, kənd təsərrüfatı məhsulları istehsalının artırılması üçün yaradılmış əlverişli şərait Göyçayda da öz müsbət nəticəsini vermişdir. Son 2 ildə rayonda becərilən torpaqların sahəsi 2414 hektar artırılaraq 21 min hektara çatmışdır. Həmin müddətdə 1000 hektardan artıq meyvə bağı salınmışdır. Taxılçılıq və heyvandarlıq məhsullarının istehsalında dinamik artım müşahidə olunmuşdur.
Son iki ildə torpaq mülkiyyətçilərinə əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət tərəfindən 1 milyon 483 min manat yardım ayrılmış, güzəştli qiymətlərlə 850 ton mineral gübrələr satılmışdır.
Tədbirdə çıxış edən “İnam”, “Şirvan”, “Ceyhun”, “Qarabulaq” kəndli fermer təsərrüfatlarının rəhbərləri Sərəncamın əhəmiyyətini yüksək qiymətləndirmişlər.