Göyçayda əhali tibbi müayinələrdə həvəslə iştirak edir
Göyçay, 1 mart (AZƏRTAC). Prezident İlham Əliyevin ölkə vətəndaşlarının fevralın 17-dən mayın 1-dək tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırığın icrası Göyçay rayonunda uğurla davam edir. Göyçay Rayon Mərkəzi Xəstəxanasında sakinlərin kütləvi müayinəsi üçün hər cür şərait yaradılmışdır. Əhalinin sağlamlığının qorunması məqsədilə bu mühüm aksiyanın uğurla təşkili üçün Göyçay Rayon İcra Hakimiyyətində xüsusi komissiya yaradılmış, tibb ocaqlarında müvafiq iş qrafiki tərtib olunmuşdur.
Komissiyanın sədri, icra hakimiyyəti başçısının müavini Rəxşəndə Rəcəbova AZƏRTAC-a bildirmişdir ki, əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı Azərbaycan Prezidentinin verdiyi göstəriş xalqımızın sağlamlığına, uzunömürlülüyünə dövlət qayğısının təzahürüdür. Rəxşəndə Rəcəbova bu diqqət və qayğının göyçaylılar tərəfindən fərəhlə qarşılandığını qeyd etmişdir. O, Azərbaycan səhiyyəsinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, dövlətimizin başçısının müəyyən etdiyi proqramların sağlam insan kapitalının yetişdirilməsinə, ölkə vətəndaşları üçün sağlam həyat tərzinin yaradılmasına xidmət etdiyini bildirmiş, xüsusilə uşaqların yüksək səviyyədə tibbi xidmətlə əhatə olunduğunu vurğulamışdır. Komissiya sədri hazırda tibbi müayinələrin rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsində və uşaq poliklinikasında, eləcə də bir sıra kənd xəstəxanalarında və tibb məntəqələrində aparıldığını və sakinlərin mütəşəkkil şəkildə səhiyyə ocaqlarına müraciət edərək öz sağlamlıqları barədə dəqiq məlumat aldıqlarını bildirmişdir.
Xəstəxananın baş həkimi Famil Zeynalov bildirmişdir ki, fevralın 17-dən indiyədək 12 min 447 sakin tibbi müayinədən keçmişdir. Vətəndaşlar ultrasəs, rentgen aparatları ilə müayinə olunmuşlar. Xəstəlik aşkar edilən şəxslər Göyçay Rayon Mərkəzi Xəstəxanasında müalicə olunurlar. Xəstəxananın konsultativ poliklinika şöbəsinin müdiri Arzu Burcalıyev isə demişdir ki, bu günədək poliklinika şöbəsinə 3460 vətəndaş müraciət edərək dövlətimizin başçısının tapşırığı ilə həyata keçirilən tibbi müayinələrdən yararlanmışdır.
Burada sakinlər ixtisaslı həkimlər tərəfindən müayinə olunmuşlar. Xəstəliyi olan insanlar müvafiq müalicə prosesinə cəlb edilmişlər. Şöbə müdiri demişdir ki, aksiyaya tibbin müxtəlif sahələri üzrə həkim və orta tibb işçisi cəlb edilmişdir. Aksiya zamanı ümumi və biokimyəvi laboratoriyalar, rentgen, elektrokardioqrafiya, ultrasəs, flüoqrafiya və digər müayinə kabinetləri əhaliyə pulsuz tibbi xidmət göstərir.