GÖYÇAYDA “HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ” MÖVZUSUNDA KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Göyçay Rayon İcra Hakimiyyətində xalqımızın ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” mövzusunda konfrans keçirilmişdir.
Tədbirdə Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri Ramiz İbrahimov ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən, ölkəmizin hərtərəfli inkişafı ilə bağlı fəaliyyətindən danışmışdır.
İcra Hakimiyyəti başçısının müavini Rəxşəndə Rəcəbova “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur”, təhsil şöbəsinin müdiri Asif Nəbiyev “Heydər Əliyev və Azərbaycan təhsili”, mədəniyyət və turizm şöbəsinin müdiri Sahib Şükürov “Heydər Əliyev və Azərbaycan gəncliyi”, rayon qadınlar şurasının sədri Zahidə Mirzəyeva “Heydər Əliyev və Azərbaycan qadınının cəmiyyətdə yeri və rolu” mövzusunda məruzə etmişlər.
Konfransa yekun vuran icra hakimiyyətinin başçısı Mənsur Məmmədov qeyd etmişdir ki, dahi şəxsiyyət Heydər Əliyevin ideya-nəzəri irsi bugünkü və gələcək nəsillər üçün zəngin xəzinədir. Rayonun idarə, müəssisə və təşkilatlarında, təhsil ocaqlarında keçirilən yubiley tədbirləri dahi lider Heydər Əliyevin ruhu qarşısında göyçaylıların müqəddəs borcunun təzahürüdür.