Göyçayda şəhid Vahid Əsədovun xatirəsi anılıb
Göyçay, 16 mart, Şahnəzər Bəşirov, AZƏRTAC
Yaşasaydı bu gün Vahid Əsədovun 60 yaşı tamam olacaqdı. Lakin o, 34 yaşında Vətən uğrunda şəhidlik zirvəsinə ucaldı. Göyçay rayonunda xalqımızın qəhrəman oğlu, Qarabağ uğrunda ermənilərə qarşı döyüşdə canından keçən Vahid Əsədovun xatirəsi daim əziz tutulur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər martın 16-da şəhid Vahid Əsədovun adını daşıyan Hacalıkənd kənd tam orta məktəbində keçirilən anım mərasimində səsləndirilib.
Rayon icra hakimiyyəti və təhsil şöbəsi nümayəndələrinin, Qarabağ müharibəsi veteranlarının, şəhid ailələri üzvlərinin, müəllim və şagirdlərin iştirak etdiyi tədbirdə şəhidin keçdiyi şərəfli ömür yolundan, döyüş tarixindən danışılıb. Bildirilib ki, hərbi kəşfiyyatçı Vahid Əsədov 1958-ci ildə Göyçayın Hacalıkənd kəndində anadan olub. O, orta məktəbi bitirdikdən sonra Rusiyaya gedib. Vahid Əsədov Dnepropetrovski şəhərində işləyərkən ermənilərin Xocalı şəhərində törətdiyi soyqırımını eşidib, Vətəni dar gündə olduğu üçün işini yarımçıq qoyaraq Azərbaycana qayıdıb və “Qarabağ könüllüləri” dəstəsinə qoşularaq Şuşanın Nəbilər, Laçının Köhnəkənd, Ağdamın Gülablı kəndlərində gedən döyüşlərdə iştirak edib. Düşmənlə döyüşdə yaralanan Vahid yarasının tam sağalmasını gözləmədən yenidən hərbi hissəyə qayıdıb və döyüşlərə qatılıb. O, düşmənin bir tankını məhv edib və Laçında gedən döyüş zamanı qəhrəmancasına şəhid olub. Doğulduğu Hacalıkənd kəndinin qəbiristanlığında dəfn edilib.
Mərasimdə şəhidin ailə üzvləri, döyüş yoldaşları onun barəsində xatirələrini bölüşüb, əllərində üçrəngli bayrağımız olan məktəblilər Vətənə, şəhidlərə həsr olunan şeirlər söyləyiblər.