Göyçaylılar tibbi müayinələr üçün yaradılan şəraitdən çox razıdırlar
Göyçay, 2 mart (AZƏRTAC). Prezident İlham Əliyevin bu humanist addımı, onun Azərbaycanın hər bir vətəndaşının sağlamlığına diqqəti və qayğıkeş münasibəti göyçaylılar tərəfindən minnətdarlıqla qarşılanmışdır.
Bu sözləri xəstəxanada tibbi müayinə olunan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Göyçay rayon şöbəsinin müdiri Rövşən Şərifov AZƏRTAC-a müsahibəsində demişdir. O, bu müayinələrin aparılmasının əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanmasına xidmət etdiyini bildirmişdir.
R.Şərifov vurğulamışdır ki, mən tibbi yoxlamadan keçdim və qısa vaxt ərzində müayinənin cavabını da aldım. Səhhətimlə bağlı suallarıma həkimlər ətraflı cavab verdilər. Mən yüksək səviyyədə təşkil olunan tibbi müayinə aksiyasından çox razı qaldım. Həkim və tibb işçilərinin rəftarı, bilik və bacarıqları məndə xoş təəssürat yaratdı. İnsanların sağlamlığına xidmət edən bu tədbirin təşkilatçılarına təşəkkürümü bildirirəm. Son illərdə Göyçay və ətraf rayonlarda tez-tez səhiyyə günləri keçirilir, Bakıda fəaliyyət göstərən tanınmış səhiyyə ocaqlarının kollektivləri bölgəyə gələrək əhaliyə yerindəcə tibbi xidmət göstərirlər. Əhalinin sağlamlığına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə minnətdaram.
Göyçay şəhərindəki 3 nömrəli məktəbin müəllimi Sevil Vəliyeva da tibbi müayinələrin yüksək səviyyədə təşkil edilməsindən, həkimlərin sakinlərə nəvazişlə, qayğı ilə yanaşmasından razılığını bildirmişdir. O, ailə üzvləri ilə birgə xəstəxanaya gələrək müayinə olunduqlarını söyləmişdir. Qeyd etmişdir ki, mən əhalinin tibbi müayinəsi ilə bağlı Prezidentimiz İlham Əliyevin verdiyi tapşırıqlara uyğun olaraq keçirilən bu aksiyanı ürəkdən dəstəkləyirəm. Xalqımızın gələcəyi onun sağlamlığından və təhsilindən asılıdır. Məhz bu iki sahəyə daha çox diqqət ayırdığına görə Prezidentimizə ürəkdən minnətdaram. Ölkəmizdə insanların sağlamlığının qorunması istiqamətində köklü islahatlar aparılır. İndi respublikamızın elə bir bölgəsi yoxdur ki, orada ən müasir səhiyyə ocağı olmasın. Hazırda Göyçay Rayon Mərkəzi Xəstəxanasının əsaslı şəkildə təmiri bizi çox sevindirir.
Tibb işçiləri və sakinlər tərəfindən rəğbətlə qarşılanan və yüksək qiymətləndirilən bu tədbirin əsas məqsədi odur ki, əhali sağlam yaşasın, xəstəliklər erkən müəyyən edilsin və insanlar vaxtında müalicə olunsunlar.
Bu sözləri isə rayon mərkəzi xəstəxanası baş həkiminin müavini, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədr müavini Ləman Hacıyeva demişdir. O, son illər respublikamızda səhiyyə sahəsində aparılan islahatları Prezident İlham Əliyevin xalqımızın sağlamlığına diqqət və qayğısının əyani təzahürü kimi dəyərləndirmişdir.