GUAM DÖVLƏTLƏRİ ÖZ ƏRAZİLƏRİNDƏ MÜNAQİŞƏLƏR HAQQINDA QƏTNAMƏNİ BMT-DƏ MÜZAKİRƏYƏ ÇIXARMAĞI PLANLAŞDIRIRLAR
GUAM dövlətləri öz ərazilərində münaqişələr haqqında qətnaməni BMT-də müzakirəyə çıxarmağı planlaşdırırlar.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə məlumat verən Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirmişdir ki, qətnamə layihəsi hələ də BMT-nin gündəliyindədir. O demişdir: “Tərəfimizdən yayılmış qətnamə layihəsini yalnız müzakirəyə təqdim etmək və səsverməyə çıxarmaq qalır”.
A.Əzimovun fikrincə, Azərbaycan bu istiqamətdə ilk addımını ataraq, “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” barədə qətnamənin qəbul edilməsinə nail olmuş və bu da GUAM məkanında “dondurulmuş” münaqişələrə dair qətnamənin BMT-də səsverməyə çıxarılması üçün kifayət qədər əsas olmuşdur. Nazir müavini əlavə etmişdir ki, bu, tərəfdaşlarımızın siyasi iradəsini də möhkəmləndirəcəkdir.
ATƏT-in Minsk qrupunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə həmsədrlərinin ATƏT-in fəaliyyətdə olan sədri ilə aprelin 16-da Vyanada keçiriləcək görüşünü şərh edən A.Əzimov vurğulamışdır ki, həmin görüş işgüzar xarakter daşıyacaqdır.
A.Əzimov demişdir ki, Azərbaycan NATO-nun Buxarest zirvə görüşü çərçivəsində həmsədrlərin qarşısına qoyulmuş bir sıra suallara onlardan cavab gözləyir.