GUAM-Yaponiya əməkdaşlığı çərçivəsində tibb məsələlərinə dair seminar olmuşdur
Kiyev, 26 fevral (AZƏRTAC). Yaponiya hökumətinin təşkilatçılığı ilə fevralın 17-24-də Gündoğan ölkədə GUAM-ın üzvü olan ölkələrin ekspertləri üçün GUAM-Yaponiya əməkdaşlığı çərçivəsində tibb məsələlərinə dair seminar keçirilmişdir. Bu barədə AZƏRTAC-a qurumun Kiyevdəki mənzil-qərargahından məlumat vermişlər.
Tədbirdə GUAM-ın üzvü olan ölkələrin nazirlik və idarələrinin və GUAM Katibliyinin nümayəndələri iştirak etmişlər. GUAM ölkələrinin təmsilçiləri tədbir çərçivəsində öz ölkələrində təbabətin inkişafı mövzusunda təqdimatlar təşkil etmişlər. Bundan əlavə, onlar Yaponiya xarici işlər nazirinin müavini Xirotaka İşixaro ilə görüşmüşlər.
Seminar iştirakçıları təbabətin inkişafı sahəsində Yaponiyanın təcrübəsi ilə tanış olmuş, XİN-ə, İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi, “Hitachi” tibb korporasiyası, Beynəlxalq Sağlamlıq və Rifah Universiteti, “Mita” hospitalı, Milli Radiologiya Elmləri İnstitutu, “Saisekai Yokohamashi Tobu” hospitalı və Milli Hospital Təşkilatına getmişlər.
Tədbir çərçivəsində GUAM-ın üzvü olan dövlətlərin nümayəndələri Tokionun və Kiotonun əsas görməli yerləri ilə tanış olmuşdur.
Tərəflərin fikrincə, seminar təbabət sahəsində GUAM-Yaponiya formatında yeni birgə layihələri inkişaf etdirməyə zəmin yaradacaqdır.
Zeynal Ağazadə
AZƏRTAC -ın xüsusi müxbiri
Kiyev