GÜLƏŞ ÜZRƏ BAKI ÇEMPİONATI BAŞLANMIŞDIR
Bakı, 24 noyabr (AZƏRTAC). Noyabrın 24-də sərbəst və yunan-Roma güləşi üzrə Bakı çempionatı başlanmışdır. Yarışın ilk günü döşək üzərinə sərbəst üsulla yarışan 70-dən çox güləşçi çıxmışdır.
Çempionatın təntənəli açılış mərasimində çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayev Azərbaycanda güləş məktəbinin ənənələrindən danışmışlar.
Azərbaycanda dövlətin idmana qayğısı, idmançılarımızın beynəlxalq yarışlarda uğurlu çıxışı xüsusilə vurğulanmışdır. Məhz Bakı çempionatı gənc güləşçilərin Yeniyetmələrin Sinqapur Olimpiya Oyunlarına, habelə, 2012-ci il London Olimpiya Oyunlarına lisenziya verən turnirlərə ilk sınağıdır.
Yarışların birinci günü 55, 66, 84 və 120 kiloqram çəki dərəcələrində güləşənlər mübarizə aparmışlar. Yarışın nəticələrinə əsasən, Toğrul Əsgərov (55 kq), Ruslan Dibirqaciyev (66 kq), Nauruz Temrezov (84 kq), Toxtar Temrezov (120 kq) qızıl medallara sahib olmuşlar.
Noyabrın 25-də mübarizəyə sərbəst üsulla 60, 74 və 96 kiloqram və yunan-Roma güləşi üzrə 55 və 66 kiloqram çəki dərəcələrində yarışan güləşçilər qoşulacaqlar.
Noyabrın 26-da - turnirin sonuncu günü isə 60, 74, 84, 96 və 120 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri xalça üzərinə çıxacaqlar. Bakı çempionatının nəticələrinə əsasən, ilk 5 yeri tutmuş idmançılar dekabrın 18-20-də Azərbaycan kuboku uğrunda turnirdə yarışmaq hüququ əldə edəcəklər.
######
