Gülşən Əliyeva-Kəngərli: Azərbaycan dili məsələsi Ulu Öndərin dövlətçilik ideologiyasının təməl daşı idi
Bakı, 19 may, AZƏRTAC
Hər bir xalq öz böyük şəxsiyyətləri - liderləri, dövlət xadimləri, alim və yazıçıları, qəhrəmanları ilə tanınıb. Çünki şəxsiyyətlər tarixin yaradıcısıdır. Onlar tarixi irəli aparır, xalqın tarixdə rolunu düzgün qiymətləndirirlər. Azərbaycan xalqının XX əsrdə yetirdiyi belə dahi şəxsiyyət ümummilli lider Heydər Əliyev idi. Dünya şöhrətli siyasətçi Heydər Əliyevin Azərbaycan xalqı və dövləti üçün etdiyi tarixi xidmətlər cild-cild kitablara sığmaz. Azərbaycançılıq Ulu Öndərin daxili və xarici siyasətinin, iqtisadiyyatının, mənəviyyatının təməli idi. Dünya Azərbaycanlılarının I Qurultayında “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”- söyləmiş Ulu Öndərimiz müasir müstəqil dövlət, onun azərbaycançılıq ideologiyasını yaradıb.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru, professor Gülşən Əliyeva-Kəngərli söyləyib. O bildirib ki, görkəmli dövlət xadimi, müdrik siyasətçi, böyük vətənpərvər Heydər Əliyev yaxşı anlayırdı ki, yüz illər boyu başı bəlalar çəkmiş, dəfələrlə parçalanmış, ayrı-ayrı imperiyaların işğalına məruz qalmış Azərbaycanı yaşadan vacib və zəruri amil xalqımızın mədəniyyəti, onun dili, milli-mədəni sərvətləridir. Ulu öndər Heydər Əliyev hər zaman bu prinsipə sadiq qalıb, dilimizə olan diqqət və qayğını özünün çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən birinə çevirib. Ümummilli Liderin ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə ana dilində söylədiyi parlaq və məntiqli çıxışları ilə Azərbaycan Respublikasının diplomatiya dilini, siyasət dilini yaradıb. Dünyaya Azərbaycan dilinin gözəlliyini, geniş ifadə imkanlarını nümayiş etdirib. Gözəl ədəbiyyat bilicisi və vurğunu, Azərbaycan dilinin aşiqi olan bu böyük şəxsiyyət uzun, şərəfli, çətin həyat yolunun hər bir mərhələsində yalnız dillə, mədəniyyətlə, onun nümunələri ilə sadəcə yaxından maraqlanmayıb, həm də ana dilinin qüdrətli hamisi və müdafiəçisi kimi çıxış edib. Hələ sovet dönəmində Ulu Öndərin sarsılmaz iradəsi və ciddi səyləri ilə 1978-ci il Azərbaycan SSR-nin Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsinin daxil edilməsi dahi liderin doğma dilinə sevgisinin bariz nümunəsidir. Görkəmli dövlət xadimi Heydər Əliyevin ana dilinə olan diqqət və qayğısının təzahürü olaraq 1974-cü ildə ali məktəblər üçün hazırlanmış dördcildlik “Müasir Azərbaycan dili” dərsliyi Dövlət mükafatına layiq görülmüşdü. Ana dili - Azərbaycan dili məsələsi ulu öndər Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsinin - dövlətçilik ideologiyasının təməl daşı idi.
Müasir müstəqil Azərbaycan dövlətinə rəhbərlik etdiyi illərdə də Ulu Öndər dil haqqında müxtəlif sərəncam və fərmanlar imzalayıb. Ümummilli lider Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Fərmanı və 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən avqustun 1-nin ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi Ulu Öndərin dil konsepsiyasının əsasını təşkil edirdi. Bunlar həm də müstəqil Azərbaycanın dil siyasətinin mahiyyəti və prioritet istiqamətlərindən idi.
Dahi rəhbər doğma Azərbaycan dilinə sonsuz sevgisini bu sözlərlə ifadə edirdi: "Mən bu gün böyük iftixar hissi ilə deyə bilərəm ki, Azərbaycan dili XX əsrdə böyük inkişaf yolu keçmişdir. İndi baxın bizim dilimiz nə qədər zəngindir, nə qədər məlahətlidir, nə qədər şirindir və bütün fikirləri ifadə etməsi üçün nə qədər söz ehtiyatlarına malikdir. Biz Azərbaycanda Azərbaycan dilinin hakim olmasını, Azərbaycan dilinin getdikcə inkişaf etməsini təmin edəcəyik. Hər bir dili yaşadan və inkişaf etdirən onun xalqıdır. Dilimiz zəngindir, çox ahəngdar dildir, dilimizin söz ehtiyatı çox böyükdür. Şəxsən mən bu dili sevirəm”.
Ümummilli Liderin “İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur” fikirlərini hər zaman böyük iftixar və hörmətlə xatırlayırıq.
“Bu gün qloballaşan dünyada milli mədəniyyətlərin inteqrasiyası dövründə ana dilini qorumaq bizim həm ziyalı, həm də vətəndaşlıq vəzifəmizdir. Biz Azərbaycan dilini analarımızın namusu, milli qeyrətimiz kimi qorumalıyıq. Bütün maneələrə və çətinliklərə baxmayaraq ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir.
Ölkə rəhbərinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi dilimizin inkişafına böyük qayğının təzahürü, onun saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında”, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamları, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı doğma dilimizin və dilçilik elminin XXI əsrdəki inkişafını təmin edən sənədlərdir. Bu sənədlərdə müstəqil Azərbaycan dövlətinin dil siyasəti öz əksini tapıb, dilimizi sevmək, ona hörmətlə yanaşmaq, onun saflığını və nüfuzunu qorumaq haqqında müddəalar yer alır. Bütün bunlar göstərir ki, Prezident İlham Əliyev müasir sivilizasiyada dilin işlənməsi, mənəvi mədəniyyətimizin taleyi, milli-mənəvi dəyərlərimizin qorunması işinin dövlət siyasətini azərbaycançılıq məfkurəsinin əsas vəzifəsi kimi həyata keçirir.
Əmin ola bilərik ki, ana dilimiz - Azərbaycan türkcəsi bu zamana qədər olduğu kimi, bundan sonra da xalqımızı tarixin sınaqlarından əzmlə çıxaracaq, bizi daha müzəffər sabahlara aparacaq”, - deyə Gülşən Əliyeva-Kəngərli fikrini yekunlaşdırıb.