“GÜLÜSTAN” SARAYINDA RƏSMİ QƏBUL
TÜRKİYƏ BAŞ NAZİRİNİN MÜAVİNİ, DÖVLƏT NAZİRİ ƏBDÜLLƏTİF ŞƏNƏRİN ÇIXIŞI
Yüksək qonaqların toplaşdığı bu gözəl qəbulda iştirak etməyimdən və Azərbaycan torpağında olmağımdan çox xöşbəxtəm. Həqiqətən bu gün Sizinlə birlikdə olmaq böyük şərəfdir.
Azərbaycan çoğrafi mövqeyi və qəhrəman insanları ilə tarixin hər bir dövründə böyük əhəmiyyət kəsb edən ölkə olmuşdur və indi də bu əhəmiyyətini qorumaqdadır. Demokratiyanın ən gözəl cəhəti xalqın öz müqəddəratını həll edəcək hökuməti və dövlət başçısını seçmək imkanına malik olmasıdır. Biz Azərbaycan xalqının prezident seçkilərində etdiyi seçimə öz hörmətimizi ifadə edirik.
Bütün yer üzündə yaşayan 6 milyarda yaxın insan müxtəlif dövlətlərdə öz xoşbəxtliyini aramaqdadır. Bu ölkələrdə hökumətlərin öz xalqlarını yaşatmaq üçün böyük səylər göstərdiyini də bilirik. Eyni zamanda, bütün insanların ümumi problemləri olduğunu və bu problemlərin həlli üçün çalışdıqlarını da bilirik. Yer üzündə olan bütün insanların xoşbəxtlik və əmin-amanlıq aramalarının təməli birdir. Bu sahədə hökumətlərin üzərinə böyük məsuliyyət düşür.
İlk dəfə Azərbaycana 1992-ci ildə gəlmişdim. O vaxtdan 11 il keçmişdir və bu dövr ərzində ölkənizdə çox şeyin dəyişdiyinin, inkişaf və tərəqqiyə doğru böyük irəliləyişlər əldə edilməsinin şahidi oldum və bundan böyük xoşbəxtlik duydum. Əlbəttə, siyasi təcrübəsi və dünyagörüşü ilə fərqlənən bir dövlət xadimi olan Heydər Əliyevin bugünkü Azərbaycanın inkişafına verdiyi böyük töhfələri biz də bilirik. Bu təcrübənin hörmətli İlham Əliyevin timsalında qarşıdakı illərdə də Azərbaycana sülh, əmin-amanlıq və tərəqqi gətirəcəyinə əminik.
Bu gün mən bu gözəl tədbirdə Azərbaycan xalqının və bütün bəşəriyyətin xoşbəxtliyi üçün badə qaldırmaq istərdim.
Sağ olun.
X X X
Sonra Gürcüstanın xarici işlər naziri İrakli Menaqarişvili Gürcüstan Prezidenti Eduard Şevardnadzenin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi münasibətilə təbrik məktubunu oxudu. (Təbrik məktubunun mətni qəzetlərin bugünkü nömrəsində dərc olunur).