Gülüstan sülh müqaviləsinin imzalanmasının 200 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir
Bakı, 13 noyabr (AZƏRTAC). Noyabrın 13-də Azərbaycan Hərb Tarixi Muzeyində Gülüstan sülh müqaviləsinin imzalanmasının 200 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin, Azərbaycan Milli Elmlər Akademiyasının, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Neft Akademiyasının əməkdaşları, paytaxtdakı muzeylərin və digər əlaqədar təşkilatların nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Rüfət Əmirov bildirmişdir ki, konfrans tariximizdə dərin iz buraxmış hadisənin - Azərbaycan torpaqlarının iki yerə bölünməsinin əsasını qoymuş Gülüstan sülh müqaviləsinin 200 illik tarixinə, onun hərbi-siyasi nəticələrinə həsr edilmişdir.
Bildirilmişdir ki, Rusiya imperiyası ilə Qacarlar dövləti arasında 1813-cü il oktyabrın 12-də Gülüstan kəndində imzalanmış 11 maddədən ibarət müqaviləni Qacarlar tərəfindən şahın vəkili Mirzə Əbülhəsən xan, Rusiya tərəfdən isə Nikolay Rtişşev imzalamışlar.
Gülüstan sülh müqaviləsinin şərtlərinə əsasən, İrəvan və Naxçıvan xanlıqları istisna olmaqla, Şimali Azərbaycanın bütün xanlıqları - Lənkəran, Şirvan, Dərbənd, Quba, Bakı, Gəncə, Qarabağ və Şəki xanlıqları Rusiya imperiyasının tərkibinə qatılmışdır.
Digər çıxış edənlər də Gülüstan müqaviləsinin tarixindən söz açmışlar.
Konfransda “Azərbaycan torpaqlarının işğalının başlanması (XVIII əsrin sonu-XIX əsrin əvvəlləri)”, “Gülüstana aparan yollar”, “1804-1813-cü illər rus-Qacar müharibəsinin gedişində Qacar dövlətində Britaniya diplomatik missiyaları”, “Gülüstan sülhünün ağır nəticələri”, “I rus-Qacar müharibəsinin gedişində Dərbəndin ruslar tərəfindən işğalı” və digər mövzularda məruzələr dinlənilmişdir.
Sonra məruzələr ətrafında fikir mübadiləsi aparılmışdır.
Konfrans iştirakçıları muzeydəki ekspozisiya ilə tanış olmuşlar.