GÜRCÜ ALİMİ QAFQAZ ALBANLARINI “DİLLƏNDİRMİŞDİR”
AZƏRTAC-ın müxbiri xəbər verir ki, bu günlərdə alimin Tbilisidə “Qafqaz albanları dilləndilər” adlı kitabı Azərbaycan dilində işıq üzü görmüşdür. Kitabı gürcü dilindən tərcümə edən Nəsib Nəsibov, redaktoru İmir Məmmədli, ön sözün müəllifi Süleyman Əfəndidir.
Zaza Aleksidze son on ildə Sinay dağında apardığı elmi axtarışlar zamanı Qafqaz Albaniyasının (Aranın) nadir abidəsini – tam əlifbasını aşkar etmişdir ki, bu da elmi dairələrdə əsrin kəşfi kimi dəyərləndirilir. İndiyədək itib-batmış hesab olunan alban ədəbiyyatının, dilinin və yazısının ən mükəmməl əlyazmasını, bütöv mətnləri tapan alim kitabda qarşıya çıxan hər suala əsaslı və ardıcıllıqla cavab verir, geniş şərh edir. Zaza Aleksidze alban əlifbasının hələ 1937-ci ildə onun müəllimi İlya Abuladze tərəfindən Yerevanda aşkar edildiyini, sonra məşhur akademik Akaki Şanidzenin də bununla məşğul olduğunu söyləyir. Lakin özünün Sinay dağındakı kəşfinin daha mükəmməl və əhatəli olduğuna diqqət çəkir.
Gürcüstanın elmi dairələrində tədqiqatçı obyektivliyi, yüksək erudisiyası ilə seçilən, Zaza Aleksidzenin bu kitabı Qafqaz albanlarının tarixinin indiyədək açılmamış səhifələrinə, bir çox məsələlərə işıq salmış, xüsusən erməni alimlərinin qeyri–obyektiv araşdırmalarının uydurma olduğunu sübuta yetirmişdir.