MƏDƏNİYYƏT
GÜRCÜSTAN AZƏRBAYCANLILARININ TBİLİSİDƏKİ “VARLIQ” MƏDƏNİYYƏT MƏRKƏZİNDƏ ŞAİR RƏŞİD FAXRALININ ÜÇCİLDLİYİNİN TƏQDİMATI OLMUŞDUR
Tbilisi, 22 may (AZƏRTAC). Mayın 22-də Gürcüstan azərbaycanlılarının Tbilisidəki “Varlıq” Mədəniyyət Mərkəzində sayılıb-seçilən yazarlardan olan Rəşid Faxralının (Hüseynov) yeni çapdan çıxmış üçcildliyinin təqdimat mərasimi keçirilmişdir.
Kitablarda şairin doğma el-obaya sevgisini əks etdirən şeirlər, milli təəssübkeşlik məsələlərinə həsr olunmuş məqalələri, fəlsəfi qayələri, lirizmi, misralarının fikir yükü ilə səciyyələnmiş poemaları toplanmışdır. Vətənpərvər şair Ermənistanın Azərbaycana təcavüzü zamanı Vətən torpağının müdafiəsinə qalxmış oğul və qızlarımızın qəhrəmanlıqlarının ayrı-ayrı məqamlarını da qələmə alıb oxucularına təqdim etmişdir.
Tədbiri “Varlıq” Mədəniyyət Mərkəzinin rəhbəri, Azərbaycan Yazıçılar Birliyi Gürcüstan bölməsinin sədri, şair Rafiq Hümbət açmış, dəyərli söz ustası Rəşid Faxralının 55 illik ömür yolundan və yaradıcılıq uğurlarından danışmışdır. Qeyd etmişdir ki, Rəşid Faxralı yaradıcılığını səmimilik, insani duyğular, lirizm, fəlsəfi yozumlar, doğma torpağa, yurda bağlılıq səciyyələndirir.
Gürcüstanın “Şərəf” ordeninə layiq görülmüş, poeziya üzrə beynəlxalq mükafatlar laureatı, şair Nizami Saraclı, şair-tərcüməçilər Əlixan Binnətoğlu, Zezva Medulaşvili, publisist Emin Mahmudov, şair Tapdıq Yolçu, Kvemo Kartli-Borçalı bölgəsi qubernatorunun köməkçisi Ramilə Allahyarova, Gürcüstanın Azərbaycanlı Tələbələr Assosiasiyasının üzvləri Raidə Məmmədova, İlham Əsədov və başqaları Rəşid Faxralı yaradıcılığından söhbət açmış, ədibə yeni yaradıcılıq uğurları arzulamışlar.
Sonra tədbir Rəşid Faxralının dünyaya göz açdığı Bolnisi rayonunun Faxralı kəndində davam etdirilmişdir.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi