DÜNYA
GÜRCÜSTAN MİLLİ HƏRƏKAT PARTİYASININ ÇAĞIRIŞINI DƏSTƏKLƏMİRLƏR
Gürcüstanın sağ radikal Milli Hərəkat Partiyasının (MHP) lideri Mixail Saakaşvili bütün müxalifət partiyalarını birləşməyə və “parlamentə seçkilərin yekunlarının saxtalaşdırılmasına yol verməmək” üçün ümumi fəaliyyət planı hazırlamağa çağırmışdır. O, seçicilərin səslərinin müdafiəsi üçün küçə nümayişləri keçirməyi də təklif etmişdir.
AZƏRTAC-ın müxbiri Tbilisidən xəbər verir ki, Saakaşvilinin iddiasına görə, “MHP və digər müxalifət partiyaları seçkilərdə qalib gəlmişlər, lakin iqtidar fırıldaq işlədərək, səsvermənin yekunlarını saxtalaşdırmağa çalışır”.
Onun çağırışına və iddialarına baxmayaraq, müxalifət partiyalarının əksəriyyəti MHP liderini dəstəkləməmişdir. Məsələn, Leyborist Partiyasının liderləri küçə yürüşlərinin əleyhinə çıxaraq, Saakaşvilini “boşboğazlıqda, xalqa zidd niyyətlər güdməkdə” təqsirləndirmişlər. Dirçəliş Partiyasının liderlərindən olan S.Bakuriya MHP-ni seçkiləri görünməmiş dərəcədə saxtalaşdırmaqda və seçki məntəqələrini zəbt etməkdə qınamışdır. Onun fikrincə, MHP-nin əməlləri Gürcüstan üçün təhlükə doğurur və dağıdıcı nəticələr verə bilər.