DÜNYA
GÜRCÜSTAN PARLAMENTİNİN QARŞISINDAKILAR DA DƏYİŞMİŞDİR, TƏLƏBLƏR DƏ
Noyabrın 18-də etiraz aksiyası iştirakçıları müxalifət liderlərinin təxribat məqsədli tələb və hərəkətlərini pisləmiş, heç kəsə Gürcüstanın taleyi ilə oynamağa səlahiyyət verməyəcəklərini, bütün məsələlərin həllinə konstitusiya və qanun çərçivəsində nail olmağın vacibliyini, səslərini və seçimlərini qoruyacaqlarını, prezidentə səlahiyyət müddəti başa çatanadək lazımi fəaliyyət şəraiti yaradılması üçün onlardan asılı olan bütün işləri görəcəklərini və yeni çağırış parlament işə başlayanadək bu meydandan getməyəcəklərini açıqlamışlar.
İlk iki gün sakit və heç bir hadisə baş vermədən keçmişdir. Noyabrın 19-da mitinq iştirakçıları qarşısında çıxış edənlər radikal müxalifətin bəzi liderlərinin çağırışlarını “populist”, “demaqoq”, “faşist” və “millətçi” çağırışlar adlandırmış, bunun ölkəyə baha başa gələcəyini vurğulamışlar. “Ölkədə problemlərin mövcudluğunu iqtidar da etiraf edir, lakin radikal müxalifət əhalini itaətsizliyə çağırıb müəssisə və təşkilatların fəaliyyətini dayandırmaqla Gürcüstan iqtisadiyyatını iflic vəziyyətinə salmışdır, ölkədə hərc-mərclik yaratmaqla həmin böhranı daha da dərinləşdirmişdir. Bu isə yalnız və yalnız düşmən dəyirmanına su tökməkdir” bu sözlər mitinq meydanında tez-tez səslənir.