GÜRCÜSTAN PREZİDENTİ EHTİYATDA OLAN HƏRBÇİLƏR ÜÇÜN ÜMUMİ SƏFƏRBƏRLİK ELAN ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstan hərbçiləri Cənubi Osetiyada separatçıların nəzarəti altında olan 12 kəndi azad etmiş, bütün strateji yüksəklikləri nəzarətə almışlar. Prezident Mixeil Saakaşvili avqustun 8-də ehtiyatda olan hərbçilər üçün ümumi səfərbərlik elan etmişdir. Prezident xalqa müraciətində demişdir ki, osetinlər bizim sülh təkliflərimizə kəndləri bombardman etməklə cavab verdilər. Biz buna görə əks-hücuma keçmək məcburiyyətində qaldıq və osetinlərin nəzarəti altında olan kəndləri azad etdik. Silahlı qüvvələrimiz Sxinvalini mühasirəyə almışdır, hazırda şəhərin mərkəzində döyüşlər gedir. Cənubi Osetiyanın əsas hissəsi separatçılardan azad olunmuşdur və Gürcüstanın nəzarəti altındadır.
Gürcüstan əleyhinə hərbi təcavüzün davam etdiyini bildirən M.Saakaşvili dünya birliyindən və Rusiyadan kəndlərin bombalanmasının dayandırılmasını xahiş etmişdir. O sonda demişdir: “Biz hamımız ölkəmizin müdafiəsinə qalxmalıyıq. Əgər azadlıq sevən xalq bir olarsa, ona heç bir qüvvə qalib gələ bilməz. Biz ölkəmizi, Gürcüstanın gələcəyini müdafiə edirik və mütləq qalib gələcəyik”.
Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Temur Yakobaşvili jurnalistlərə son məlumat verərək bildirmişdir ki, Cava rayonundan başqa, qondarma Cənubi Osetiya Respublikasının əksər ərazisini Gürcüstan öz nəzarəti altına almışdır. Bu gün Rusiyanın üç qırıcı təyyarəsi Gürcüstanın hava sərhədini pozmuş, onlardan biri Kareli rayon polis şöbəsi ərazisinə bomba atmışdır. Rusiyanın 4 təyyarəsinin Qori rayonunu bombaladığı və gürcü tərəfinin onlardan birini vurduğu da bildirilir.
Gürcü-osetin münaqişə zonasında intensiv atışma davam edir.