Gürcüstan prezidentinin andiçmə mərasimi keçirilmişdir
Tbilisi, 17 noyabr (AZƏRTAC). Oktyabrın 27-də Gürcüstanda keçirilmiş prezident seçkilərində hakim “Gürcü arzusu” koalisiyasının namizədi Georgi Marqvelaşvili qalib gəlmişdir. Noyabrın 17-də Gürcüstan müstəqilliyini bərpa etdikdənn sonra dördüncü prezidentin inauqurasiya mərasimi keçirilmişdir.
Prezident Georgi Marqvelaşvili ölkə Konstitusiyasına and içib daxili və xarici siyasət sahəsində perspektivlərdən söhbət açmış, iqtisadi və siyasi layihələrin həyata keçirilməsinə, demokrtiyanın inkişafına, beynəlxalq aləmdə Gürcüstanın etibarlı tərəfdaş imicinin artırılmasına çalışacağını qeyd etmişdir.
G. Marqvelaşvili Gürcüstanın qonşu Azərbaycan və Türkiyə ilə iqtisadi-siyasi münasibətlərinin daha da dərinləşdirilməsi üçün zəruri addımların atılacağını vurğulamışdır.
Gürcüstan prezidentinin andiçmə mərasimində Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadənin rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.
Mərasimdən sonra Artur Rasizadə Gürcüstan prezidenti Georgi Marqvelaşvili və Baş nazir Bidzina İvanişvili ilə ikitərəfli görüşlər keçirmişdir.
Görüşlərdə Azərbaycan-Gürcüstan münasibətlərinin daha da dərinləşdirilməsi, bölgədə sabitliyin təminatı, siyasi, iqtisadi, humanitar sahəlrdə əməkdaşlıq və başqa aktual məsələlər barədə fikir mübadiləsi aparılmışdır.
Görüşlərdə Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Azər Hüseyn iştirak etmişdir.
Artur Rasizadənin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 17 Vətənə qayıtmışdır.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi