Gürcüstanda sosial cəhətdən həssas şəxslərə qumar oynamaq qadağan edilib
Tbilisi, 4 avqust, AZƏRTAC
Gürcüstanda qumar oyunları ilə əlaqədar yeni qaydalar müəyyən olunub. Yaşı 25-dən az olan Gürcüstan vətəndaşlarına, sosial cəhətdən həssas şəxslərə və dövlət məmurlarına qumar oynamaq qadağan edilib.
AZƏRTAC Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinə istinadla xəbər verir ki, hazırda qumar oyunlarına aludə olan şəxslərin reyestrinə 30 451 nəfər daxildir.
Xidmətin saytında yerləşdirilmiş məlumata görə, Gürcüstanda qumar oyunlarına aludə olan şəxs 2022-ci il martın 1-dən iki yolla qumar oyunları oynaması qadağan edilən qumar aludəçilərinin rəsmi reyestrinə daxil edilə bilər. Birinci halda həmin şəxs Gəlirlər Xidmətinə ərizə verir və reyestrə daxil edilir, ikinci halda isə qumar aludəçisinin ailəsi məhkəməyə müraciət edir, məhkəmə müsbət qərar verərsə siyahıya daxil edilir.
Xidmətdən verilən məlumata görə, qumar oyunlarına aludəçilərin ümumi sayından 59 nəfər məhkəmənin qərarı ilə, 30 392 nəfər isə öz müraciəti əsasında reyestrə daxil edilib.
Gəlirlər Xidməti xatırladır ki, qumar aludəçilərinin siyahısına daxil olmaq üçün ərizə həm şəxsən, həm də agentliyin saytında xüsusi ərizə doldurmaqla verilə bilər.
Bundan başqa, reyestrdə “Lotereya, qumar və uduşlu oyunların təşkili haqqında” qanuna əsasən qumar oyunları ilə məşğul olması qadağan edilən 1 milyon 522 min 900 vətəndaş haqqında məlumatlar yer alıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi