Gürcüstanda Sülhməramlılar Günü qeyd olunub
Tbilisi, 31 avqust, AZƏRTAC
Avqustun 31-də Gürcüstanda Sülhməramlılar Günü qeyd olunub.
AZƏRTAC xəbər verir ki, Müdafiə naziri Levan İzoria, Baş qərargah rəisi, general-leytenant Vladimir Çaçibaya bayram münasibətilə hərbçiləri təbrik edib, dünyada sülhü qoruma əməliyyatlarında və Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.
Nazir və Baş qərargah rəisi Əfqanıstanda xidmət edən gürcü əsgərlərlə də canlı bağlantı yaradıb, onları təbrik ediblər.
Azərbaycanın Gürcüstandakı səfirliyinin hərbi attaşe aparatının rəhbəri polkovnik-leytenant Fuad İbrahimov qonşu ölkənin Müdafiə Nazirliyinin rəhbərliyini bu əlamətdar bayram münasibətilə təbrik edib.
Məlumat üçün qeyd edək ki, Gürcüstanın Sülhməramlıları Günü 2016-cı il avqustun 31-də təsis olunub. 1999-cu il avqustun 31-də Gürcüstan Silahlı Qüvvələrinin ilk sülhməramlı taqımı Kosovoya yola salınıb.
Bu gün Gürcüstan sülhməramlıları NATO və Avropa İttifaqının bayrağı altında Əfqanıstanda, Malidə və Mərkəzi Afrika Respublikasında xidmət edir.
Bu günədək beynəlxalq sülhyaratma əməliyyatlarında iştirak edərkən 3 gürcü hərbçi həlak olub, 19 nəfər yaralanıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi