GÜRCÜSTANDAKI AZƏRBAYCAN MƏKTƏBLƏRİNƏ NÖVBƏTİ HƏDİYYƏ
AZƏRTAC-ın müxbiri Tbilisidən xəbər verir ki, bu günlərdə Azərbaycandan daha bir maşın karvanı gəlmişdir. Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Dövlət Tibb Universitetinin kafedra müdiri, professor Aqil Əliyev və Beynəlxalq Sülhsevərlər Birliyinin prezidenti, professor Vəli İsmayılov 220 min dollar dəyərində dərslik və tədris ləvazimatı gətirmişlər.
Marneuli rayonunun Sadaxlı kəndində keçirilən görüşdə rayon Məclisinin sədri Hüseyn Yusifov, Kvemo Kartli - Borçalı bölgəsinin sabiq qubernatoru Levan Mamaladze, məktəbin müəllimləri və ictimaiyyətin nümayəndələri çıxış edərək, Gürcüstandakı Azərbaycan məktəblərinə göstərilən qayğıya görə minnətdarlıqlarını bildirdilər. Aqil Əliyev Azərbaycan-Gürcüstan münasibətlərinin daha da möhkəmlənməsi sahəsində prezidentlər Heydər Əliyevin və Eduard Şevardnadzenin tarixi xidmətlərinin gələcək nəsillər üçün örnək olacağını vurğuladı. O dedi ki, Gürcüstandakı Azərbaycan məktəblərinin yuxarı siniflərinin də dərsliklərlə təmin olunması üçün professor Vəli İsmayılovun təklifi ilə Baş nazir İlham Əliyevə müraciət etdik və dərhal da müsbət cavab aldıq. O, belə xeyirxah təklifi dəstəklədi və xoş arzularını yetirməyi xahiş etdi.
Beynəlxalq Sülhsevərlər Birliyinin prezidenti Vəli İsmayılov soydaşlarımızı əmin etdi ki, Azərbaycan rəhbərliyi buradakı məktəblərin problemlərindən halidir və bunların aradan qaldırılması üçün köməyini əsirgəmir.
Qonaqlar Gürcüstanda qalacaqları iki gün ərzində Marneuli, Bolnisi, Dmanisi və Qardabani rayonlarının ictimaiyyəti ilə də görüşmüş, məktəblilərə dərsliklər hədiyyə etmişlər.