GÜRCÜSTANIN BAŞ NAZİRİ XƏZƏR İNTEQRASİYA İŞGÜZAR KLUBUNUN ÜZVLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Klubun prezidenti Telman Əliyev qonağa 30 ölkədən 300-dən artıq üzvü olan qurum haqqında məlumat vermiş və bildirmişdir ki, mövcud olduğu müddətdə burada Azərbaycan, ABŞ, Qazaxıstan, Rusiya və digər ölkələrin yüksək vəzifəli şəxsləri ilə görüşlər keçirilmişdir.
Qurumun Azərbaycan tərəfindən həmsədri, sənaye və energetika naziri Natiq Əliyev çıxışında ölkələrimiz arasında dostluğun çox qədim tarixi olduğunu vurğulamışdır. O, ümummilli liderimiz Heydər Əliyevin bu fikrini xatırlatmışdır ki, ötən müddət ərzində münasibətlərimizin üzərinə kölgə sala biləcək heç bir hadisə olmamışdır. Azərbaycan və Gürcüstan həmişə xeyirxah qonşuluq münasibətləri saxlamış, bir-birinə arxa olmuşlar.
Gürcüstanın Baş naziri çıxışında iki qardaş ölkə arasında qarşılıqlı ticarət-iqtisadi fəaliyyətin yüksək dinamikasını, regionda qlobal energetika və nəqliyyat layihələrinin həyata keçirilməsinə başlanması ilə əlaqədar hər iki ölkənin xalqlarının rifahının yaxşılaşması sahəsində geniş perspektivlər açıldığını xüsusi qeyd etmişdir. Zurab Noğaideli əmin olduğunu bildirmişdir ki, Azərbaycan-Gürcüstan əlaqələri gələcəkdə də inkişaf edəcək və möhkəmlənəcəkdir.
Sonra Zurab Noğaideliyə Xəzər İnteqrasiya İşgüzar Klubunun fəxri üzvü sertifikatı təqdim edilmişdir.
Xəzər Nəqliyyat Klubunun prezidenti Əbülfəz Hacıyev klubun iclaslarından birinin Gürcüstanda keçirilməsini təklif etmiş və təklif razılıqla qarşılanmışdır.
Gürcüstanın Baş naziri klub üzvlərinin və kütləvi informasiya vasitələri nümayəndələrinin suallarına cavab vermişdir.