Hacettepe Universitetinin nümayəndə heyəti ADPU-da olub
Bakı, 19 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Türkiyənin Hacettepe Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Hacettepe Universitetinin professorları Səlahəttin Gelbal, Buket Akkoyunlu və Salih Bardakçı, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Ali təhsil müəssisələri ilə iş sektorunun müdiri, SABAH qrupları icra komitəsinin rəhbəri dosent Elza Səmədova, ADPU-nun prorektorları – professor Asəf Zamanov, dosent Eldar Aslanov, Könül Pirverdiyeva, struktur-bölmə rəhbərləri, professor-müəllim heyəti, doktorant və magistrantlar iştirak ediblər.
ADPU ilə Türkiyə universitetləri arasında əlaqələrin genişləndirilməsinə dair müzakirələr zamanı bir neçə əsas məqam vurğulanıb. Görüşdə elm və ali təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, birgə elmi tədqiqatların aparılması, konfrans və seminarların təşkili, akademik proqramların uyğunlaşdırılması, magistratura və doktorantura səviyyələri üzrə mütəxəssis hazırlığı, elmi tədqiqatların təşkili, beynəlxalq akademik əməkdaşlıq və süni intellektin təhsil və tədqiqat fəaliyyətində tətbiqi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Çıxışlarda elmi fəaliyyətin keyfiyyətinin yüksəldilməsi, tədqiqatyönümlü təhsilin inkişafı və Azərbaycan ilə Türkiyə universitetləri arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.