Hacıkənd qəsəbəsində məskunlaşan Xocalı və Kəlbəcər sakinləri tibbi müayinədən keçirilmişlər
Gəncə, 22 fevral (AZƏRTAC, Sabir Əliyev). Gəncənin səhiyyə işçiləri əhalinin tibbi müayinəsi çərçivəsində növbəti aksiyanı Hacıkənd qəsəbəsində keçirmişlər. Səhiyyə idarəsi tərəfindən təşkil edilmiş səyyar briqadalar fevralın 22-də Hacıkənddə məskunlaşmış Xocalı və Kəlbəcərdən olan məcburi köçkünlərin, eləcə də digər sakinlərin müayinəsini aparmışlar.
AZƏRTAC xəbər verir ki, səhər tezdən qəsəbəyə yollanan səhiyyə idarəsinin baş mütəxəssisləri - terapevt, pediatr, ginekoloqlar, cərrah, nevropatoloq, oftalmoloq, infeksionist, endokrinoloq və onkoloqlar əhalini tibbi müayinədən keçirməklə yanaşı, lazım gəldikdə onları gigiyenik vasitələr, dərman preparatları, eləcə də sanitar maarifləndirmə vəsaitləri ilə də təmin etmişlər.
Aksiya zamanı qəsəbədə 350 nəfərdən çox şəxsə tibbi-profilaktik baxış keçirilmiş, məsləhətlər verilmiş və konsiliumlar aparılmışdır. Ümumilikdə 92 nəfər səyyar rentgenoflüoqrafyadan, 54 nəfər elektrokardioqrafiyadan, 57 nəfər ultrasəs müayinəsindən keçirilmişdir.
Məcburi köçkünlər onların sağlamlığı qayğısına qalan Prezident İlham Əliyevə və Gəncənin səhiyyə işçilərinə minnətdarlıqlarını bildirmişlər.