Hacıqabul rayonunda Yaponiya hökumətinin maliyyə dəstəyi ilə inşa edilən tibb məntəqəsi istifadəyə verilmişdir
Hacıqabul, 13 mart (AZƏRTAC) Martın 13-də Yaponiya hökumətinin ölkəmizdə həyata keçirdiyi “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində Nəvahi qəsəbəsində tibb məntəqəsinin tikintisi” layihəsinin başa çatması ilə əlaqədar mərasim keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Yaponiyanın ölkəmizdəki səfirliyi ilə “Azərbaycan Uşaq Birliyi” təşkilatı arasında qrant sazişi əsasında həyata keçirilən layihənin ümumi dəyəri 121 min 504 ABŞ dolları təşkil edir. Hacıqabul rayonunun Nəvahi qəsəbəsində tikilmiş yeni tibb məntəqəsindən 5 min sakin faydalanacaqdır. Sahəsi 176 kvadratmetr olan, 8 otaqdan və iki sanitar qovşaqdan ibarət yeni səhiyyə ocağında 10 işçi çalışacaqdır.
Açılış mərasimdə çıxış edən Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov, “Azərbaycan Uşaq Birliyinin” rəhbəri Kəmalə Ağazadə, səhiyyə işçiləri və ictimaiyyətinin nümayəndələri regionlarda sosial məsələlərin həllinə göstərilən dəstəyə görə Yaponiya hökumətinə minnətdarlıqlarını bildirmişlər.
Qeyd olunmuşdur ki, bu, Yaponiya hökumətinin “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində Hacıqabul rayonunda həyata keçirdiyi üçüncü layihədir. 2007-ci ildə rayonun Kürsülü kəndində məktəb binası, 2012-ci ildə isə Abdulabad kəndində tibb məntəqəsi tikilib istifadəyə verilmişdir.