HAKİMLƏRİN TƏDRİSİ ÜZRƏ BEYNƏLXALQ ƏMƏKDAŞLIQ GENİŞLƏNİR
Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizin dünya birliyinə inteqrasiyası prosesinin sürətlənməsi nəticəsində inkişaf etmiş Avropa ölkələri ilə hüquqi sahədə, o cümlədən ədliyyə orqanları arasında əməkdaşlıq genişlənmişdir. Cari ildən Azərbaycan və Niderland Krallığı Ədliyyə Nazirlikləri arasında müvafiq Memorandum imzalanmış, respublikamızın ədliyyə naziri tərəfindən Fransa Ədliyyə Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə görüşlər keçirilərək, hakim və digər hüquqşünasların ixtisaslarının artırılması sahəsində əməkdaşlıq üzrə razılıq əldə edilmişdir.
Bununla əlaqədar Avropanın ən məşhur ixtisaslaşmış tədris ocaqlarından biri - Fransa Milli Hakimlər Məktəbinin Beynəlxalq Əlaqələr Şöbəsinin direktoru cənab Erik Metröpyer hakimlərin və digər hüquqşünasların tədrisi sahəsində əlaqələrin inkişafı və ali tədris metodlarının tətbiqi üzrə təcrübə mübadiləsi məqsədi ilə bu günlərdə ölkəmizdə səfərdə olmuşdur.
Ədliyyə Nazirliyinin məsul işçiləri ilə görüşən qonaq, hakimlər və ədliyyə orqanları işçiləri, nazirliyin Hüquq-Tədris mərkəzinin müəllim heyəti və digər əməkdaşları qarşısında məruzə ilə çıxış etmiş, Konstitusiya məhkəməsində, Ali məhkəmədə, Apellyasiya məhkəməsində, İqtisad məhkəməsində, Baş Prokurorluqda, yerli məhkəmələrdə görüşlər keçirmiş, ölkəmizin hüquq sistemi ilə yaxından tanış olmuşdur.
Sonra fransalı qonaq ədliyyə naziri Fikrət Məmmədov tərəfindən qəbul edilmişdir.
Azərbaycan Respublikasında aparılan məhkəmə-hüquq islahatı nəticəsində yeni məhkəmə sisteminin yaradılması və ölkəmizin tarixində ilk dəfə olaraq hakimlərin şəffaf prosedurlar əsasında seçildiyini bildirən ədliyyə naziri hakimlərin tədrisi, onların peşə hazırlığının artırılmasının əhəmiyyətini qeyd etmiş, bu sahədə yaranmış beynəlxalq əlaqələrə, nüfuzlu təşkilatlarla, o cümlədən Avropa Şurası, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti \GTZ\, Amerika Hüquqşünaslar Assosiasiyası ilə birgə həyata keçirilən tədbirlərdən söhbət açmışdır.
Görüşdə Ədliyyə Nazirliyi Hüquq-Tədris Mərkəzində hakimlərin peşə hazırlığının təşkili üzrə görülən işlərdən danışılmış, Mərkəzin pedoqoji işçilərinin ali tədris metodlarına və qabaqcıl təcrübəyə yiyələnmələri məqsədi ilə bir sıra ölkələrə ezam olunmaları qeyd edilmiş, Azərbaycan hakimlərinin Fransa Milli Hakimlər Məktəbində tədrisi, habelə məktəbin müəllimlərinin Azərbaycanda mühazirələrinin, seminar və digər birgə tədbirlərin keçirilməsi məsələləri müzakirə edilmişdir.
Azərbaycanda qısa müddət ərzində həyata keçirilən məhkəmə-hüquq islahatının müsbət nəticələri ilə bilavasitə tanış olduğunu, keçirdiyi səmərəli görüşlərdən məmnun qaldığını bildirən qonaq demokratik dəyərləri üstün tutan ölkələrimizin məhkəmə sistemləri arasında bir çox ümumi xüsusiyyətlərin mövcudluğunun faydalı əməkdaşlıq üçün zəmin yaratdığını qeyd etmiş, işgüzar əlaqələrin hər iki tərəf üçün əhəmiyyətini vurğulamışdır.
Görüşdə yaxın zamanlarda bu sahədə əməkdaşlıq üzrə konkret tədbirlərin həyata keçirilməsi barədə razılıq əldə edilmişdir.