HAKİMLİYƏ NAMİZƏDLƏRLƏ İLKİN TƏDRİSİN NƏTİCƏLƏRİ ÜZRƏ YAZILI İMTAHAN KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidentinin tapşırıqlarına əsasən, ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin beynəlxalq standartlar səviyyəsində, tam şəffaf şəraitdə seçilməsi prosesi davam edir.
Bu proses zamanı 704 nəfər hakimliyə namizəddən 102 nəfəri test üsulu ilə, habelə yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçmiş və yarım il davam edən tədris kursunu, habelə məhkəmələrdə, o cümlədən xaricdə stajkeçməni uğurla başa vurmuşdur.
Aprelin 19-da həmin namizədlərin peşə hazırlığının yoxlanılması məqsədi ilə tədrisin nəticələri üzrə yazılı imtahan keçirilmişdir. Texniki Universitetin idman sarayında - bütün namizədlər üçün vahid auditoriyada təşkil olunmuş imtahanı 20-dək nüfuzlu beynəlxalq təşkilat, yerli QHT və hüquq müdafiə təşkilatlarından çoxsaylı müşahidəçilər, kütləvi informasiya vasitələrinin nümayəndələri izləmişlər.
İmtahan başlamazdan əvvəl, yerindəcə, Hakimlərin Seçki Komitəsinin qapalı iclasında kazus xarakterli 8 sual hazırlanmış, həmin suallardan namizədlərin özləri cinayət və mülki sahəyə dair tam təsadüfi yolla ikisini seçmişlər. Seçilmiş suallar imtahan keçirilən auditoriyada, namizədlərin gözü qarşısında çoxaldılaraq onlara paylanmışdır.
Dörd saat çəkən imtahanda namizədlər verilmiş hüquqi kazuslar üzrə sualları cavablandırmaqla, müvafiq məhkəmə qərarlarını tərtib etmək bacarıqlarını nümayiş etdirmişlər.
Hakimliyə namizədlərlə yazılı imtahan müşahidəçilər tərəfindən yüksək dəyərləndirilmişdir.
######

![]()