CƏMİYYƏT
Hande Harmancı: Epidemioloji vəziyyəti yaxından izləməyə davam etməliyik
![Hande Harmancı: Epidemioloji vəziyyəti yaxından izləməyə davam etməliyik](/files/2022/2/1200x630/16557220982319358110_1200x630.jpg)
Bakı, 20 iyun, AZƏRTAC
Bütün dünyada koronavirusa yoluxma sayı azalır. Azərbaycanda da gündəlik yoluxma rəqəmləri azdır. Lakin arxayınlaşmamalı və epidemioloji vəziyyəti yaxından izləməyə davam etməliyik. Çünki ötən il də yayda rəqəmlər azaldı, payızda yenidən artım qeydə alındı. Odur ki, buna diqqət yetirməyimiz lazımdır.
AZƏRTAC xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə nümayəndəsi Hande Harmancı kütləvi informasiya vasitələrinə müsahibəsində deyib.
H.Harmancı bildirib ki, ÜST COVID-19-un yeni variant və ştamlarını yaxından izləyir: "Hazırda omikron ştamının da fərqli variantları üzə çıxır. Hamısı müşahidə altında saxlanılır. Əhvalımızı yüksək tutmağımızla bərabər, pandemiyanın tamamən bitmədiyini də bilməliyik. Payız gələndə koronavirusla bağlı epidemioloji vəziyyətin necə olacağı məlum deyil. Odur ki, əllərin yuyulması, tənəffüs gigiyenası kimi öyrəndiyimiz bütün qoruyucu tədbirləri davam etdirməyimiz lazımdır. Bundan əlavə, yaşı əllidən yuxarı olan peyvənd vurdurmayan vətəndaşların vaksinasiyadan keçməsi önəmlidir.
Hazırda COVID-19 əleyhinə “buster” dozanı tövsiyə edirik. Dördüncü, beşinci dozanın tətbiqini zaman göstərəcək. Ehtimal var ki, hər il COVID və qripə qarşı peyvəndlər birgə vurulsun. Lakin bunlar hələ ki, mülahizələrdir".