Harvard Universitetinin əməkdaşları ADAU-da olublar
Gəncə, 6 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
ABŞ-ın və dünyanın ən məşhur ali təhsil ocaqlarından olan Harvard Universitetinin bir qrup əməkdaşı İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə ölkəmizə səfərləri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qonaqlarla görüşən ADAU-nun rektoru Zəfər Qurbanov Harvard Universitetinin Kennedi məktəbinin əməkdaşları - baş tədqiqat meneceri Tim Cheston, tədqiqatçılar Jorge Tapia, Felicia Belostecinic və Alejandro Rueda Sana Azərbaycanın yeganə aqrar ali təhsil ocağının maddi-texniki bazası və beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. Rektor bildirib ki, universitetdə bütün proseslərin rəqəmsallaşması, yeni beynəlxaq layihələrin həyata keçirilməsi və tədqiqat işlərinin aparılması gələcəkdə birgə əməkdaşlığı daha da zəruri edəcək.
Nümayəndə heyətinin rəhbəri Tim Cheston Aqrar Universitetdə olmaqdan məmnun olduğunu diqqətə çatdırıb.
Sonra qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub.