Hava limanında saxta vizalarla dövlət sərhədini keçmək istəyən əcnəbilər saxlanılıblar
Bakı, 31 may, AZƏRTAC
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirlərini uğurla davam etdirir.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, xarici vətəndaşların saxtalaşdırılmış sənədlərlə dövlət sərhədindən keçmək cəhdlərinin qarşısı Xidmətin sərhəd nəzarəti əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində alınıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda sərhəd nəzarəti zamanı üç əcnəbinin sənədlərinin etibarlılığı şübhə doğurub. Xüsusi laboratoriya şəraitində dərinləşdirilmiş yoxlama nəticəsində şübhələrin əsaslı olması dəqiqləşdirilib.
Dubay-Bakı reysinin rəsmiləşdirilməsi zamanı Pakistan İslam Respublikasının vətəndaşı, 1974-cü il təvəllüdlü Navaz Şoaib tərəfindən təqdim olunmuş pasportdakı Azərbaycan Respublikasının elektron vizasının saxta olması müəyyən edilib. Bakı-Milan reysinin sərnişinləri üzərində sərhəd nəzarətinin həyata keçirilməsi zamanı Pakistan İslam Respublikasının vətəndaşı, 1989-cu il təvəllüdlü Şakeel Hafiz Muhammad Adnan tərəfindən təqdim olunmuş pasportdakı Şengen vizasının saxta olması aşkarlanıb. Habelə İstanbul-Bakı reysi ilə gəlmiş İran İslam Respublikası vətəndaşı, 1990-cı il təvəllüdlü Hassanli Ali tərəfindən sərhəd nəzarətinə təqdim edilən pasportdakı Böyük Britaniya vizasının saxta olması müəyyənləşib.
Saxlanılmış əcnəbilər barəsində müvafiq əməliyyat-istintaq tədbirləri həyata keçirilir.