Hədəf STEM Liseyində İnteraktiv Elm Muzeyi açılıb
Bakı, 7 may, AZƏRTAC
Hədəf STEM Liseyinin nəzdində fəaliyyət göstərən İnteraktiv Elm Muzeyinin açılışı olub.
Liseydən AZƏRTAC-a bildiriblər ki, açılış mərasimində Milli Məclisin deputatları, müxtəlif qurumların nümayəndələri, təhsil müəssisələrinin müəllim və şagirdləri iştirak ediblər.
Muzeyin qurucusu və interaktiv təcrübələrin ideya müəllifi, həmçinin muzeyin nəzdində fəaliyyət göstərəcək elmi klubun rəhbəri, tanınmış mühəndis Elçin Abbasov, elmi məsləhətçi Yalçın İslamzadə ziyarətçiləri eksponentlərlə tanış edib, sərgilər haqqında məlumat veriblər.
Mayın 10-dan iyunun 30-dək muzeyə girişi sərbəst olacaq. Orta məktəb müəllimləri əvvəlcədən qeydiyyatdan keçməklə şagirdləri muzeyə ekskursiyaya gətirə bilərlər. Azərbaycanda alternativi olmayan İnteraktiv Elm Muzeyi ilə tanışlıq şagirdlərdə unudulmaz təəssürat yaradacaq və onları elmlə daha dərindən maraqlanmağa həvəsləndirəcək.
Qeyd edək ki, İnteraktiv Elm Muzeyinin ideya müəllifi, liseyin qurucusu və direktoru, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiqdir. Təhsil müəssisəsində 200 kvadratmetrlik sahədə yerləşən muzeydə dinamik eksponatlara toxunmaq, kinematika, dinamika, elektromaqnetizm, termodinamika, optika və digər sahələrdəki prinsipləri, qarşılıqlı çevrilmələri müşahidə etmək mümkündür.