CƏMİYYƏT
Həkim-infeksionist: səhiyyə işçilərinin sosial rifahının yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir
Bakı, 5 may, AZƏRTAC
“İcbari tibbi sığorta ölkədə aparılan ən böyük sosial islahatlardan biridir. Əhalinin sağlamlığının keşiyində durmaq və səhiyyə işçilərinin sosial rifahını yüksəltmək üçün çoxlu sayda islahatlar aparılır. Məlumdur ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibbi xidmətlər zərfinə dəyişikliklər edilməsi ilə əlaqədar yeni layihə hazırlayıb və təsdiq edib. Bu layihəyə 700 tibbi xidmətin xidmətlər zərfinə daxil edilməsi, ümumilikdə 3 mindən çox tibbi xidmətin icbari tibbi sığorta çərçivəsində göstərilməsi aiddir. Eyni zamanda, onkoloji xəstəliklərlə mübarizə ayrıca bir dövlət proqramında əks olunub. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevin sözlərinə əsasən gələcək illərdə onkoloji xəstəliklərin də icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil edilməsi planlaşdırılıb”.
Bunu AZƏRTAC-a Bakı Şəhər Xətai rayonundakı 2 saylı Ağciyər Xəstəlikləri Dispanserinin həkim-infeksionisti Afət Novruzova deyib.
O xatırladıb ki, icbari tibbi xidmət üzrə əhaliyə xidmət Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrində həyata keçirilir. Əgər tabelikdə olan tibb müəssisəsində xəstəyə xidmətin göstərilməsi imkansız olarsa, bu zaman xəstənin TƏBİB-lə müqaviləsi olan özəl klinikada müalicəsini davam etdirmək üçün göndəriş verilir. Həmin özəl klinikada olan tibbi xidmətin ödənişi müəyyən qanuna uyğunluqla icbari tibbi sığorta tərəfindən ödənilir.
A.Novruzova bildirib ki, icbari tibbi sığorta haqqında maariflənən və onun üstünlüklərindən yararlanan əhalinin tibb müəssisələrinə müraciəti artır: “Bu da öz növbəsində həkimlərin xəstələrə daha çox zaman sərf etməsinə səbəb olur. Məhz həkimlərin əməyinin kompensasiya olunması məqsədilə, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin daha da yüksəldilməsi və səhiyyə işçilərinin sosial rifahının yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir”.
Həkim-infeksionist onu da bildirib ki, TƏBİB-in tabeliyindəki tibbi müəssisələrdə 31 ixtisas üzrə çalışan 8 minə yaxın həkimin əməkhaqlarının yenidən artırılaraq, məcburi tutulmalardan sonra 1000 manata çatdırılması xəbəri tibb işçiləri tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.