Həkim-mama gününə həsr edilmiş beynəlxalq elmi konqres keçirilib
Bakı, 5 may, AZƏRTAC
Mayın 5-də Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, “EGIS Pharmaceuticals PLC”, “Eva Farm” və “Gedeon Richter” şirkətlərinin əməkdaşlığı ilə Həkim-mama gününə həsr edilmiş "Hamiləlikdə genital və ekstragenital xəstəliklər" mövzusunda beynəlxalq elmi konqres keçirilib.
AZƏRTAC xəbər verir ki, konqresdə bir çox dövlət qurumları və beynəlxalq təşkilatların rəsmi nümayəndələrinin, eləcə də Bakı şəhərinin və regionların dövlət və özəl tibb müəssisələrində çalışan həkim və mamaları iştirak edib.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov bildirib ki, ana-uşaq sağlamlığının qorunması sahəsində həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə tibbi xidmətlərin keyfiyyəti xeyli yüksəlib, diridoğulmanın beynəlxalq meyarları uğurla tətbiq edilib, mamalıq-ginekologiya üzrə kadr potensiyalı əhəmiyyətli dərəcədə gücləndirilib. O, ana-uşaq sağlamlığının qorunmasında və doğuşaqədər xidmətlərin təşkilində mamalar və həkim-mama-ginekoloqların əlaqələşdirilmiş işinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Konqresin açılış hissəsində Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova, səhiyyə nazirinin müavini İlqar Qasımov, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu Publik Hüququ Şəxsin direktoru, professor Cəmilə Qurbanova və Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupunun mama-ginekoloqu, professor Ahmet Cem İyibozkurt çıxış ediblər.
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu PHŞ-nin direktoru, professor Cəmilə Qurbanova, Azərbaycan Tibb Universitetinin I Mamalıq-ginekologiya kafedrasının müdiri, professor Elmira Əliyeva və həmin universitetin II Mamalıq-ginekologiya kafedrasının müdiri, professor Hicran Bağırovanın moderatorluğu ilə “Antenatal xidmət və hamiləlikdə ürək xəstəlikləri” panelində Böyük Britaniyanın Birmingem Qadın və Uşaq Hospitalının mama-ginekoloqları Fidan İsrafilbəyli və Caroline Fox “Böyük Britaniyanın universitet klinikasında ekstragenital patologiyası olan hamilə qadınlara antenatal xidmətin təşkili” və “Ürək patologiyası olan qadınlarda hamiləliyin təqibi xüsusiyyətləri. Böyük Britaniya təcrübəsi” mövzularında təqdimatları beynəlxalq təcrübənin öyrənilməsi baxımından maraq doğurub.
Hibrid formatda təşkil olunmuş konqresdə Avropa Kosmetik və Rekonstruktiv Ginekologiya Cəmiyyətinin prezidenti, professor Ferid Saracoğlu, İstanbul Aydın Universitetinin professoru, İstanbul Aydın Universiteti Xəstəxanasının Süni Mayalanma Mərkəzinin rəhbəri Banu Aygün Kumbak, Türkiyə Ginekolojik Endoskopiya Cəmiyyətinin prezidenti, professor Fatih Şendağ və Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupunun mama-ginekoloqu, professor Ahmet Cem İyibozkurt yerli mütəxəssislərlə birgə panel rəhbəri qismində iştirak ediblər.
Ümumilikdə beynəlxalq elmi konqresdə 4 paneldə Azərbaycan, Türkiyə və Böyük Britaniyanın yüksəkixtisaslı mütəxəssislərinin hazırladığı məruzələr dinlənilib.