Hələ maskaya “əlvida” demək tezdir...
Bakı, 26 aprel, AZƏRTAC
Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Ernest Heminqueyin “Əlvida, silah! adlı məşhur bir əsəri var. Birinci Dünya müharibəsində İtaliya cəbhəsində döyüşən yazıçı bu əsəri öz müşahidələri əsasında müharibəyə nifrət edən və dinc həyat arzulayan insanlara rəğbətlə qələmə alıb. Romanın sonunda əsərin qəhrəmanı sevgisinə, övladına və silahına “əlvida” deyir. Bizim isə iki ildən artıq müddətdə pandemiyanın əsas aksesuarına çevrilən və infeksiyanın başlıca qoruyucusu olan maskaya birdəfəlik “əlvida” deməyimiz hələ tezdir...
Bakının 2 nömrəli Tibb Kollecinin müəllimi, Yeni Azərbaycan Partiyası (YAP) ərazi təşkilatının sədri Gülər Quluzadə AZƏRTAC-ın müxbiri ilə söhbətinə belə başlayıb.
Təşkilat sədri deyib: “Nazirlər Kabinetinin mayın 1-dən tibbi maskadan istifadənin məcburi olmayacağı haqqında qərarı nə qədər yerində və gözlənilən olsa da, dünyada hələ də can almaqda davam edən yeni növ koronaviris (COVID-19) infeksiyası ilə mübarizədə hər şeyin arxada qaldığını düşünmək sadəlövhlük olardı. İnanmıram ki, yazın bu xoş havalı, təbiətin gül-çiçəyə büründüyü, meşə və parkların insanı qoynuna çağırdığı bu günlərdə özünü bu ətirdən məhrum etmək kiməsə xoş olsun. Mən bir həkim və pedaqoq kimi deyirəm: hansı xəstəliyin profilaktikasından, ona yoluxmamaqdan və yaxud sağalma üsulundan danışsaq, müalicə metodlarından biri kimi açıq havada gəzməyi və təbiətlə ünsiyyətdə olmağı məsləhət görürük. Təmiz və saf hava, təbiətin şəfaverici gücü bütün xəstəliklərə qarşı əvəzolunmaz dərmandır. Etiraf edək ki, iki ildən artıq müddətdə biz bundan məhrum idik. Ayağımızı evdən bayıra qoyanda da səksəkəli, narahat olurduq. Hətta xəstəliyin tüğyan etdiyi bir ara açıq havada da maskalı gəzməyə məcbur idik. Nəyəsə toxunmaq, əl vurmaq, kiminləsə ünsiyyət saxlamaq, ətrafdakılarla təmasda olmaq belə infeksiyanın yayılması üçün təhlükə mənbəyi sayılırdı. İndi maskaların məcburi olmaması haqqında verilən bu qərar çox yaxşıdır, hamının ürəyindəndir”.
Lakin həmsöhbətimiz hələ koronavirusun bitdiyi, infeksiya təhlükəsinin tamamilə yoxa çıxdığı barədə arxayınçılıq hissinin yaranması fikri ilə də razılaşmayaraq xəbərdarlıq edib: “Nə COVID-19, nə də onun yaranmaqda olan yeni ştamları bitməyib. Texnologiyalar əsrində yaşayırıq. Hər gün hələ də dünyanın əksər inkişaf etmiş və böyük ölkələrində yoluxma statistikası barədə xəbər tutur, qurbanların sayı barədə eşidirik. Deməli, hələ ayrı-ayrı ölkələrdə yoluxma statistikasında enmə müşahidə edilmir, Əgər belədirsə, deməli, hələ təhlükə sovuşmayıb və onun barəsində keçmiş zamanda danışmaq tezdir. Ona görə də infeksiyanın nəfəsini yaxşı mənada kürəyimizdə hiss etməliyik, təkrar kimi çıxmasın, əlimizi-qolumuzu yanımıza salıb arxayın hərəkət etməməliyik. Peyvəndləmə prosesi ara verməməlidir. İstər birinci, ikinci doza, istərsə də “buster” doza vurdurmayanlar “pandemiya bitdi” deyib mübarizəni dayandırmamalıdır. Mütləq şəkildə qoruyucu peyvəndlərin vurulması işi davam etdirilməlidir. Arxda qalan iki illik təcrübə hər kəsə dərs olmalıdır. Pandemiya bitdi-bitmədi, bunu etmək lazımdır. Necə deyərlər, təmiz saxla quyunu, həmişə iç suyunu. Sən işini etibarlı tut, xəstəliyin yayılmaması üçün lazımi tədbirləri gör, qoy qəlbində bir də həmin təhlükə ilə üzləşəcəyin barədə şəkk-şübhə qalmasın. Xəstəlik təhlükəsi oldu-olmadı, əlləri dezinfeksiya etməyin, tünlük yerlərdə, qapalı müəssisələrdə tibbi maska taxmağın nə pis cəhəti ola bilər? Bu, özümüzü də, ətrafdakıları da xatadan-bəladan qoruyar. Yoxsa başımızın altına tük yastıq qoyub yatmaq, “pandemiya ötüşdü” deyə düşünmək xoşagəlməz nəticələr verə bilər”.