Hər bir azərbaycanlı qalib ölkənin vətəndaşı olduğu üçün qürur duyur - deputat
Bakı, 18 oktyabr, AZƏRTAC
Son üç ildə hər birimiz üçün qürurverici məqamlardan biri ölkəmizin həyatında əhəmiyyətli rol oynayan tarixlərin, bayramların işğaldan azad edilmiş ərazilərimizdə qeyd olunması və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu məkanlardan mesajlarını çatdırmasıdır. Torpaqlarımızın 30 ildən sonra tarixi sahibinə qovuşması, ölkəmizin həyatında yeni mərhələnin başlanması tariximizin zəfər səhifəsi kimi daim vərəqlənəcək, xalqımız hər zaman ölkə Prezidentinə, rəşadətli Ordumuza minnətdarlığını ifadə edəcək. Oktyabrın 15-də, ilk dəfə Prezident seçilməsinin 20-ci ildönümündə Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, Əsgəranda Azərbaycan bayrağını ucaldan Müzəffər Ali Baş Komandan İlham Əliyev tariximizin zəfər səhifələrini daha da zənginləşdirdi. Bundan xoşbəxt nə olar bilər ki? 30 il xalqımız bütün bayramlarda, tarixi günlərdə bu arzunu ifadə edirdi: “Gün gələcək üçrəngli bayrağımız Şuşada, Xankəndidə dalğalanacaq. Arzuları gerçəkliyə çevirən Prezident İlham Əliyevin Azərbaycan Bayrağını bu məkanlarda ucaldarkən keçirdiyi qürur hissi hər birimizi qürurlandırdı. Dövlətimizin başçısı Xankəndidən bu mesajı ünvanladı: “Mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar! Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, bax, bu kadrlara yaxşı baxsın”.
Bu fikirləri AZƏRTAC-a Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Qeyd edib ki, “Heydər Əliyev İli”ndə Azərbaycan bayrağını Xankəndidə, Xocalıda ucaldan dövlətimizin başçısı Ümummilli Liderin 20 il bundan öncə ona olan inamını, etimadını doğrultdu, verdiyi bütün vədləri yerinə yetirdi.
M.Həsənov diqqəti bir daha 2003-cü ildən başlanan Böyük Yolun davamına yönəldərək bildirib ki, 20 il bundan əvvəl Prezident seçilən İlham Əliyev Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyinə və ərazi bütövlüyümüzü qoruyacağına söz vermişdir: “Azərbaycan xalqı hər gün, hər saat öz müqəddəs məqsədinə doğru gedirdi. Hər gün Azərbaycan xalqı müqəddəs anı yaxınlaşdırırdı. İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcunu yerinə yetirməyə başlayan dövlət başçısı İlham Əliyev qarşısına bir nömrəli vəzifə qoymuşdur ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, torpaqlarda, şəhər və kəndlərdə qaldırılsın. Bu gün həmin qürurlu anların sevincini və xoşbəxtliyini yaşayırıq. Müzəffər Ali Baş Komandan bir daha nəyi, necə, nə vaxt etmək lazım olduğunu nümayiş etdirdi. İşğaldan azad olunmuş torpaqlarda dalğalanan üçrəngli bayrağımız qürurumuz, kimliyimiz və dünyaya ünvanlanan bu mesajımızdır ki, bu torpaqlar bizimdir və burada əbədi olacağıq. Bu gün Xankəndinin mərkəzində, Azərbaycan Gerbi, Bayrağı altında olmaq böyük xoşbəxtlikdir və tarixi hadisədir. Bu Qələbə tariximizdə əbədi olacaq. Yeni nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər”.
Deputat bu mühüm məqama da diqqəti yönəldib ki, dövlət başçısı İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına uyğun olaraq “Füzuli Şəhəri Günü”dür: “Bu mühüm sənəd Zəfərimizin əbədiləşdirilməsinə və şəhər günlərinin təsis edilməsinə xidmət edir. Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 16-da Füzuli rayonuna səfəri çərçivəsində Cuvarlı, Qoçəhmədli kəndlərinin, Füzuli şəhərində idman kompleksinin, ikinci, üçüncü, yaşayış komplekslərinin, 240 yerlik uşaq bağçasının, inzibati binanın təməlini qoydu. Bir səfər çərçivəsində atılan addımların miqyası ümumilikdə son üç ildə işğaldan azad edilmiş torpalarımızda görülən bərpa-quruculuq işləri barədə aydın təsəvvür yaradır. İstədiyimizə nail olduq. Azərbaycan xalqının onilliklər ərzində olan arzuları çin oldu. Torpaqlarımızı geri qaytardıq, ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdik. Harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı belə qüdrətli, sözünə sahib, qalib ölkənin vətəndaşı olduğu üçün qürur duyur”.