“Hər dəfə qapağını açanda içindən Ballıcanın qoxusu gəlirdi...”
Xocalı, 26 oktyabr, AZƏRTAC
Bəzi əşyalar var ki, özündə bir ailənin tarixini, illərin həsrətini, yaşanan ağrı-acıları və heç vaxt sönməyən ümidləri yaşadır. İllər keçsə, ünvanlar dəyişsə də onlar bir zamanlar aid olduqları yurdun xatirəsini qoruyub saxlayır. Xocalı rayonunun Ballıca kəndinə qayıdan Sevda Ələsgərovanın özü ilə gətirdiyi köhnə sandıq da belə əşyalardandır.
AZƏRTAC-ın bölgə müxbiri Ballıcada Sevda xanımın yeni evinin qapısını döyəndə həyətdə uşaq səsləri eşidilirdi. Dörd övladı ilə doğma yurda dönən ailə hələ təzəcə köç yükünü yerləşdirir. Otağın bir küncündə isə hamının diqqətini çəkən köhnə sandıq dayanıb. Ailə üçün bu, adi bir əşya deyil, nəsildən-nəslə ötürülən yadigardır.
“Qayınanam Xocalı rayonu işğal olunarkən bu sandığı özü ilə götürüb doğma yurddan ayrılıb. Mən o vaxt cəmi 12 yaşında idim. İllər sonra ailə quranda sandıq mənə verildi. Beləcə, ailənin yadigarına çevrildi və uzun illər qorunub saxlanıldı”, - deyir Sevda xanım.
Sandıq köçkünlük yollarında ailəyə yoldaşlıq edib. Sevda Ələsgərova ailəsi ilə birlikdə köçkünlük illərini Şəki rayonunda keçirib. İndi isə 46 yaşında, dörd övladı ilə uşaqlığının bir hissəsini keçirdiyi yurda qayıdıb: “Öz Vətənimə, doğma yurduma dönmüşəm. Uşaqlığımın yarısı burada, yarısı isə Şəkidə keçib. Şəki də Azərbaycandır, amma insanın öz doğma yurdu başqadır”.

İllər əvvəl uşaq ikən ayrıldığı torpağa bu dəfə ana kimi qayıtmaq onda tamam fərqli duyğular yaradır. Onun üçün qayıdışın ən böyük mənalarından biri övladlarının doğma torpaqda böyüməsidir. Vaxtilə uşaqlığının keçdiyi yerlərdə indi onun balaları boy atacaq.
“Sandıq sizin üçün nə ifadə edir?”, – deyə soruşuram.
Bildirir ki, bu sandıq təkcə qayınanasının yadigarı deyil, həm də yurd həsrətinin, ümidin simvoludur: “Köçkünlükdə hər dəfə onun qapağını açanda mənə elə gəlirdi ki, içindən Ballıcanın, Qarabağın qoxusu gəlir. Özümə söz vermişdim ki, bu sandıq nə vaxtsa mütləq öz yerinə, doğma kəndimizə qayıdacaq. Şükürlər olsun ki, o günü gördük”.
Bunu deyəndə Sevda xanımın səsi titrəyir, gözləri dolur. Bir anlıq susur, sonra sandığın qapağına əlini çəkir.
Sevda xanımın oğlu 2023-cü ilin sentyabrında Qarabağda keçirilən antiterror əməliyyatında iştirak edib. Qardaşı oğlu isə 44 günlük Vətən müharibəsində döyüşüb.
“Fəxr edirəm ki, torpaqlarımız geri qaytarılıb. Prezidentimizə minnətdaram. Şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyirəm. Sevincimizin həddi-hüdudu yoxdur. Dörd balamla Vətənimizə qayıtmışıq. Allah digər köçkünlərə də belə sevinci qismət eləsin”, - deyir Sevda xanım.
Sevda Ələsgərovanın ailəsi ilə birlikdə Ballıcaya qayıdışı uzun illərin həsrətindən sonra doğma yurdda yeni həyata başlamaq deməkdir. İllərlə ailənin yaddaşını qoruyan köhnə sandıq da indi öz ünvanına qayıdıb.
Müxbir – Tahir Ağaməmmədov