İQTİSADİYYAT
Hesabatlılığa verilən yüksək dəyər
Bakı, 1 iyun, AZƏRTAC
Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktub dövlətimizin başçısının uzaqgörən və cəsarətli, ölkəmizin nəinki regionda, hətta dünya miqyasında nüfuzlu, etibarlı və sadiq tərəfdaş kimi qəbul edilməsinə zəmin yaradan çoxşaxəli daxili və xarici siyasətinin ən böyük ölkələrin liderləri tərəfindən də etiraf olunmasının göstəricisidir.
AZƏRTAC xəbər verir ki, bu barədə Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov deyib.
Maraqlıdır ki, ABŞ Prezidenti tərəfindən alqışlanan addımlar sırasında qanunun aliliyi və hesabatlılığın möhkəmləndirilməsi istiqamətində əldə edilən uğurlar ilk dəfə belə açıq və birmənalı şəkildə göstərilir. Bu, digər sahələrdə olduğu kimi, hesabatlılığın möhkəmləndirilməsi və şəffaflığın artırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə son dövrlərdə uğurla reallaşdırılan siyasətin, güclü siyasi iradənin və qanunun aliliyinə sədaqətin, sosial müdafiə, vətəndaş həmrəyliyinin zəruriliyinin hamı tərəfindən dərk edilməsinin məhsulu kimi qəbul olunmalıdır.
Bir məsələ də xüsusi vurğulanmalıdır ki, Prezident İlham Əliyevin şəffaflıq və hesabatlılıq sahəsində görülən işlərin iqtisadi-maliyyə tərəfləri ilə yanaşı, siyasi və strateji hesabatlılığa mühüm əhəmiyyət verməsi, atılan bütün addımların ölkə vətəndaşlarına şəffaf və operativ çatdırılması da xarici müşahidəçilər tərəfindən dəyərləndirilir. Kölgə iqtisadiyyatının azaldılmasının əsası kimi hesabatlılığın möhkəmləndirilməsi zərurəti dövlətimizin başçısı tərəfindən daim diqqət mərkəzində saxlanılır. Bunun üçün uçot, hesabatlılıq və nəzarət sahəsində mövcud problemlər beynəlxalq təcrübə nəzərə alınmaqla sistemli şəkildə həll edilir. Son vaxtlarda hesabatlılığın və şəffaflığın artırılmasına yönəlmiş müddəaların Vergi Məcəlləsində və “Mühasibat uçotu haqqında” Qanunda əks etdirilməsi bu baxımdan mühüm əhəmiyyət daşıyır.
Qeyd etmək lazımdır ki, bütün dövrlərdə iqtisadiyyatın səmərəli idarə edilməsinin əsasını hesabatlarda əks olunan informasiyalar təşkil edib. Bu baxımdan hesabatlılığın təkmilliyinin, düzgün və obyektiv tərtib edilməsinin, vaxtlı-vaxtında təqdimatının və əlçatan olmasının rolu çox mühümdür. Ümid etmək olar ki, iqtisadiyyatımızda mövcud olan problemlər hesabatlılıq və şəffaflığın daha da yüksəldilməsi zəminində öz həllini tapacaq. Bu da, öz növbəsində, ölkəmizin iqtisadi qüdrətinin möhkəmləndirilməsinə və beynəlxalq nüfuzunun artırılmasına rəvac verəcək.