Hesablama Palatasının əməkdaşları telekonfrans formatında beynəlxalq seminarda iştirak ediblər
Bakı, 10 iyun, AZƏRTAC
Hesablama Palatasının əməkdaşları Zaur Vəliyev, Sənan Ağakişiyev və Nərminə İsayeva İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Ali Audit Qurumları Təşkilatının (ECOSAI) təşkilatçılığı ilə “Dayanıqlı inkişaf məqsədlərinin (DİM) auditi” mövzusunda onlayn seminarda iştirak ediblər.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, seminara Türkiyə, Əfqanıstan, Pakistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan ali audi qurumlarının (AAQ) nümayəndələri ilə yanaşı, müşahidəçi qismində Belarus, Qətər və Fələstin AAQ-larının nümayəndələri də qatılıb. Onlayn seminar ECOSAI-nin prezidenti olan Qazaxıstan AAQ-nın texniki bazası hesabına təşkil olunub.
Pakistan baş auditor ofisinin nümayəndəsi Şandana Nauman Xan Milli Məlumat Bazası və Qeydiyyat Təşkilatı (NADRA) layihəsi barədə məlumat verib, onun məqsəd və nəticələrindən bəhs edib. Eyni zamanda, Pakistanın 2025-ci ilə baxışı barədə məlumat verən Ş.Nauman Xan onun DİM-in təbii nəticəsi olduğunu nəzərə çatdırıb və dünyada mövcud olan COVID-19 pandemiyasının Pakistana göstərdiyi təsirlərdən danışıb.
Türkiyə Hesablama Məhkəməsinin nümayəndəsi Mesut Ünal 2016-cı ildə qəbul edilmiş Əbu-Dabi bəyannaməsinin əhəmiyyətini qeyd edib, o cümlədən INTOSAI-in 2017-2022-ci illər üzrə strateji məqsədləri, dayanıqlı inkişaf üzrə vacib tarixlər, Türkiyə təcrübəsində DİM barədə çıxış edərək bu ölkənin 5 illik inkişaf planının olduğunu vurğulayıb.
Türkiyə Hesablama Məhkəməsini təmsil edən Necip Bilgin növbəti təqdimat zamanı Əbu-Dabi və Moskva bəyannamələri, DİM və INTOSAI (Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı) barədə məlumat verib, yeni hazırlanmış IDI təlimatının əhəmiyyətindən danışıb.
Qazaxıstan AAQ-nın nümayəndəsi Lyailim Kaşimova təqdimatında Qazaxıstan AAQ-nın DİM auditi sahəsində təcrübəsini paylaşaraq 25 milli inkişaf məqsədlərinin olduğunu bildirib. O, dayanıqlı inkişaf məqsədlərinin ayrıca auditinin keçirilməməsi barədə danışıb, keçirilən auditlərdə bu məsələlərə toxunulmasını və bu sahədə 2019-2020-ci illər üzrə dövlət proqramının tətbiq edilməsini qeyd edib.
Azərbaycan Hesablama Palatasının nümayəndəsi Sənan Ağakişiyev qurumun fəaliyyəti haqqında qısa məlumat verdikdən sonra, yeni yaradılmış səmərəlilik auditi sektorunun fəaliyyət istiqamətləri, yoxsulluğun aradan qaldırılması üçün görülən özünü məşğulluq tədbirlərinin yekununun qiymətləndirilməsi sahəsində əldə olunan nəticələr, qəbul edilmiş qanun barədə söz açıb. Seminar qarşılıqlı müzakirələrlə yekunlaşıb.