“Həyatla oyun” tamaşası Tibb Universitetində nümayiş olunub
Bakı, 15 mart, AZƏRTAC
Azərbaycan Tibb Universitetində Bakı Uşaq Teatrında səhnələşdirilən “Həyatla oyun” teatr tamaşası nümayiş olunub.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tamaşaya quruluş verən İntiqam Soltan çıxış edərək narkomanlığın yoluxucu xəstəlik və QİÇS-ə aparan dəhşətli bir yol olduğunu qeyd edib: “Narkomaniyadan əziyyət çəkənlərin sayı rəsmi statistikada göstəriləndən dəfələrlə çoxdur və təəssüf ki, sürətlə yayılır. Səhnə həyatı verdiyimiz bu əsər bir universitet tələbəsinin narkotikə düçar olması və sosial bəlanın qurbanına çevrilməsi barədədir. Əsər gənclərin maddi- mənəvi həyatı və fiziki sağlamlığında əhəmiyyətli rola malik bir hadisədən bəhs edir. Tamaşa həmin faciə ilə üzləşməməsi üçün maarifləndirimə məqsədi daşıyır”.
Tədbirdə iştirak edən Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasında işçi qrupunun məsul nümayəndəsi Raqif Allahverdiyev narkomaniyanın sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini və cinayətkarlığın artmasına səbəb olduğunu söyləyərək tamaşanın gənclər arasında “ağ ölüm”lə mübarizədə müsbət izlər qoyacağına əminliyini bildirib.
Sonra Bakı Uşaq Teatrının aktyorları “Həyatla oyun” tamaşasını nümayiş etdiriblər.
Tibb Universitetin tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev tamaşanın nümayişinə görə təhsil müəssisəsinin kollektivi adından Gənclər və İdman Nazirliyinə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına və eyni zamanda, Bakı Uşaq Teatrına minnətdarlığını bildirib.