“Heydər Əliyev–100” kitabı Tbilisi Dövlət Universitetinin kitabxanasına təqdim olunub
Tbilisi, 5 may, AZƏRTAC
Gürcüstana səfər çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində (TDU) olublar.
AZƏRTAC xəbər verir ki, komitənin əməkdaşları, həmçinin “Alyans” Gənclər Mərkəzinin rəhbərliyi ilə görüşüb, bu təhsil ocağının fəaliyyəti ilə maraqlanıb, gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.
Tbilisi Dövlət Universiteti kitabxanasının rəhbəri professor Zurab Qaiparaşvili xalqımızın Ümummilli Lideri Heydər Əliyevin bu təhsil ocağında olduğunu xatırladaraq deyib: “Gürcü xalqının da yaxın dostu olan dünyaşöhrətli siyasi xadim Heydər Əliyev TDU-nun Fəxri doktoru adına layiq görülmüşdü. Diplom 1996-ci il martın 9-da universitetdə Heydər Əliyevə təntənəli şəkildə təqdim olundu. Mərasimdə Ulu Öndər çıxış etmişdi”. Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyev TDU-nun fəaliyyətini yüksək qiymətləndirdi və xoş sözlər söylədi. Ümummilli Lider bu mükafatı, eyni zamanda, müstəqil Azərbaycan Respublikasına, onun əldə etdiyi nailiyyətlərə və onun müstəqillik yolunda uğurlar qazanmasına göstərdikləri gözəl bir münasibət kimi qəbul etdiyini vurğuladı.
Z.Qaiparaşvili Bakıda Heydər Əliyevlə görüşünü yada salıb, xatirələrini bölüşüb. O, Azərbaycanın görkəmlı ictimai-siyasi xadiminin onun taleyində xüsusi rol oynadığını bildirib.
Sonda Tbilisi Dövlət Universitetinin kitabxanasına Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Alyans” Gənclər Mərkəzinin layihəsi əsasında gürcü dilində işıq üzü görmüş “Heydər Əliyev-100” kitabı hədiyyə olunub. Professor bu kitabın TDU-nun müəllim-professor heyəti, həmçinin tələbələr tərəfindən maraqla qarşılanacağını söyləyib, nəşrin elektron versiyasının hazırlanıb tələbələrin ixtiyarına veriləcəyini diqqətə çatdırıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi