HEYDƏR ƏLİYEV ADINA BAKI NEFT EMALI ZAVODUNDA YENİ EMAL QURĞUSU İNŞA EDİLƏCƏK
Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda dünya standartlarına cavab verən, zavodun maye qazlarından yüksək oktanlı benzin komponentlərinin istehsalı məqsədi ilə ''Alkilene/OxiPro'' kompleksinin inşası mühüm əhəmiyyət kəsb edir. Kompleks, neft-kimya və neft emalı sahəsində texnologiyaların işlənməsi üzrə dünya lideri olan ABŞ-ın ''UOP'' şirkətinin lisenziyası əsasında, bu günə qədər dünya təcrübəsində bənzəri olmayan nəhəng texnoloji qurğudur.
2004-cü ilin dekabrında zavodda “Alkilene/OxiPro” qurğusunun inşası ilə bağlı ''UOP'' şirkəti ilə ilkin sənəd - Baza Layihəsi Kontraktı imzalanmış və 2005-ci ildə müvəffəqiyyətlə icra edilmişdir. Sonrakı müddətdə ''UOP'' şirkətinin təklifi ilə İlkin Detal Layihəsi Kontraktının hazırlanması məqsədəuyğun hesab edilmiş və Almaniyanın ''TRIPLAN AG'' şirkəti bu işlərə cəlb edilmişdir.
Bir neçə gün əvvəl Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu ilə həmin şirkətlər arasında İlkin Detal Layihəsi Kontraktının imzalanma mərasimi keçirilmişdir. Layihə üzrə qurğuların inşasının 2009-cu ildə yekunlaşması planlaşdırılır. Kompleksə daxil olan qurğular vasitəsilə istehsal olunan A-95 avtomobil benzininin keyfiyyəti Avropa standartlarına tam cavab verəcəkdir.
Göstərilən layihənin reallaşdırılması nəticəsində benzin istehsalının həcmi ildə 340 min tona qədər artacaq ki, bunun da pulla ifadəsi 84 milyon Azərbaycan manatı deməkdir.