Heydər Əliyev adına Neft Emalı Zavodu aztəminatlı ailələrə yardım edib
Bakı, 28 aprel, AZƏRTAC
Heydər Əliyev adına Neft Emalı Zavodu (NEZ) aztəminatlı ailələrə yardım edib.
Zavoddan AZƏRTAC-a bildirilib ki, bu gün ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün tətbiq edilən xüsusi karantin rejimi dövründə, çətin anlarda aztəminatlı ailələrə yardım etmək məqsədilə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən köməyə ehtiyacı olan ailələrə yardım məqsədilə çox böyük aksiya həyata keçirilir. Aparılan aksiyaya ölkə üzrə bir sıra təşkilatlar qoşulub, köməyə ehtiyacı olan minlərlə ailəyə yardımlar edilib.
Heydər Əliyev adına Neft Emalı Zavodu da bu humanist addıma qoşularaq aztəminatlı, xüsusi kateqoriyadan olan (şəhid ailələri, Əfqanıstan müharibəsi iştirakçıları, Çernobıl iştirakçıları, əlillər, uşaq evindən məzunlar) işçi ailə üzvlərinə köməklik göstərməyi özünə borc bilib. Bu məqsədlə Həmkarlar İttifaqı Komitəsi tərəfindən 160 zavod işçisinə ərzaq yardımı göstərilib, maddi köməyə ehtiyacı olan ailələrə yardımlar edilib. Görülmüş bu tədbir işçilər tərəfindən çox müsbət qarşılanıb. İnanırıq ki, tezliklə bütün bəşəriyyəti bürümüş bu bəla xalqımızın üzərindən götürüləcək və insanlarımız yenidən o gözəl günlərinə qayıdacaq.