HEYDƏR ƏLİYEV FONDUNUN DƏVƏTİ İLƏ AZƏRBAYCANA GƏLMİŞ RUMINİYALI GƏNCLƏR ŞAMAXIDA OLMUŞLAR
Şamaxı, 5 noyabr (AZƏRTAC). Heydər Əliyev Fondunun dəvəti ilə ölkəmizdə qonaq olan 15 rumıniyalı gənc Azərbaycanın tarixi şəhərlərindən birinə - Şamaxıya səfər etmişlər.
Şəhərin girəcəyində mehribanlıqla qarşılanan qonaqlar ölkəmizin dünya şöhrətli elm mərkəzlərindən olan AMEA Şamaxı Astrofizika Rəsədxanasına gəlmişlər. Yolboyu qonaqlara Şamaxının tarixi, yaxın keçmişi və müasir həyatı barədə ətraflı məlumat verilmişdir.
Astrofizika rəsədxanasında gəncləri rəsədxananın elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov qarşılamışdır. Qonaqlar vaxtilə dünyada öz böyüklüyü ilə 4-cü hesab edilən diametri 2 metr olan teleskopun yerləşdiyi qülləyə dəvət olunmuşlar. Onlara məlumat verilmişdir ki, Almaniyanın istehsalı olan bu teleskop 1966-cı ildə istifadəyə verilmişdir. Burada ulduzların tədqiqi, planetlərin spektrinin öyrənilməsi istiqamətində aparılan tədqiqatlar uğurlu nəticələr vermişdir. Belə ki, ilk dəfə Mars planetinin xəritəsi burada hazırlanmış, Yupiterin spektri öyrənilmişdir. Dünya şöhrətli astroloq alim Nadir İbrahimovun rəhbərliyi ilə Yupiterin İo peykində vulkanik proseslər aşkar edilmişdir. Bu elmi tədqiqat 10 il sonra Amerika astroloqları tərəfindən də təsdiq olunmuşdur. Təsadüfü deyildir ki, sonralar marsın kraterlərindən birinə Nadir İbrahimovun adı verilmişdir.
Çəkisi 85 ton olan və 2 ox ətrafında fırlanan teleskopun iş prinsipi gənclərdə böyük maraq oyatmışdır. Onlar Marş, Saturn, planetlərindən çəkilmiş şəkillərə heyranlıqla tamaşa etmişlər.
Gənclərə, həmçinin, rəsədxanada aparılan yenidənqurma işləri barədə geniş məlumat verilmişdir. Bildirilmişdir ki, Prezidentin Sərəncamı ilə ayrılan 8 milyon manata burada həm də ən müasir texnoloji avadanlıqlar quraşdırılacaq, təmir - bərpa işləri görüləcəkdir.
Qonaqlar astrofizika rəsədxanası ilə tanışlıqdan məmnun qaldıqlarını bildirmişlər.
Rumıniyalı gənclər Qəbələ rayonuna yola salınmışlar.