ELM VƏ TƏHSİL
Heydər Əliyev irsi və müasir Azərbaycan gəncliyi
Bakı, 15 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Davam” Gənclər Hərəkatı ilə birgə “Heydər Əliyev irsi və müasir Azərbaycan gəncliyi” mövzusunda konfrans keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, konfrans Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Diqqətə çatdırılıb ki, Elmi şurada “Heydər Əliyev İli” ilə bağlı ADPU-nun tədbirlər planı təsdiq olunub. Plana uyğun olaraq universitetdə, onun filiallarında silsilə tədbirlər keçiriləcək.
Çıxışlarda Ulu Öndər Heydər Əliyevin elm və təhsilə, xüsusən müəllimlik peşəsinə böyük önəm verdiyi vurğulanıb. Qeyd olunub ki, “Davam” Gənclər Hərəkatı Ulu Öndərin 100 illiyi münasibətilə növbəti il ərzində “100 il” kampaniyasını icra edəcək.
Vurğulanıb ki, Ümummilli Lider tərəfindən yaradılan Gənclər və İdman Nazirliyinin fəaliyyəti, gənclər forumlarının keçirilməsi, Prezident İlham Əliyev tərəfindən təsis edilən MDB məkanında analoqu olmayan Gənclər Fondu, gənclər və idman hərəkatının inkişafı, elm və təhsilin inkişafı sahəsində icra olunan dövlət proqramları öz layiqli bəhrəsini verir. Bu gün Şuşa-Xankəndi yolunda ölkəmizə qarşı ekoloji və mina terroruna qarşı etiraz edən yüzlərlə gənc məhz bu siyasi irsin və milli siyasətin yetirmələridir.
Qeyd edilib ki, Heydər Əliyev kimi ümumbəşəri dühanı yetişdirən məhz Azərbaycan xalqı, Azərbaycan cəmiyyətidir. Hamıdan çox müasir olan Ulu Öndər sovet dönəmindəki fəaliyyəti ilə təhlükəsizlik orqanlarını cəmiyyəti qorxudan orqandan onu qoruyan orqana çevirdi, milliləşdirdi. Onun iradəsi ilə ötən əsrin 70-ci illərində Azərbaycanda 6 universitet, hərbi lisey, yüzlərlə orta məktəb fəaliyyətə başladı.