“HEYDƏR ƏLİYEV MÜASİR AZƏRBAYCAN PARLAMENTİNİN BANİSİDİR” KİTABININ TƏQDİMATI OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, mayın 6-da Milli Məclisdə “Heydər Əliyev müasir Azərbaycan parlamentinin banisidir” kitabının təqdimatı olmuşdur.
Milli Məclisin mətbuat katibi Akif Nəsirov mərasimi açaraq demişdir ki, 2008-ci il yaddaşımızda və tariximizdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illiyi, Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan parlamentinin 90 illik yubileyləri və ölkəmizin həyatında əlamətdar siyasi hadisə - prezident seçkiləri ili kimi qalacaqdır.
Milli Məclisin sədri Oqtay Əsədovun məsul redaktoru olduğu, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevin və parlamentin mətbuat katibinin müavini Mehman Qayıbovun tərtib etdikləri “Heydər Əliyev Azərbaycan parlamentinin banisidir” kitabı ulu öndərin 85 illiyinə, habelə Azərbaycan parlamentinin 90 illik yubileyinə töhfə kimi qiymətləndirilməlidir. Dörd bölmədən ibarət olan və geniş araşdırmalar nəticəsində hazırlanmış bu kitab siyasətçilər, tarixçilər, ümumən, ulu öndərin irsi ilə yaxından tanış olmaq istəyənlər üçün faydalı mənbə olacaqdır.
Sonra Milli Məclisin aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov, regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə, kitabın tərtibçi-müəllifləri Səfa Mirzəyev və Mehman Qayıbov çıxış etmişlər.
Bildirilmişdir ki, kitabın birinci bölməsində Prezident İlham Əliyevin Azərbaycan xalqının əbədi liderinin və Azərbaycan Xalq Cümhuriyyətinin yubileyləri haqqında sərəncamları, müstəqil Azərbaycanın II çağırış Milli Məclisindəki çıxışları dərc edilmişdir.
İkinci bölmədə ulu öndər Heydər Əliyevin siyasi fəaliyyəti dövründə ölkəmizdə parlamentarizm ənənələrinin bərpası və inkişafındakı rolu, müasir Azərbaycan parlamentinin yaradıcısı kimi xidmətləri, demokratik və hüquqi dövlət quruculuğunda, ölkəmizin beynəlxalq əlaqələrinin möhkəmlənməsində əvəzolunmaz missiyası, Xalq Cümhuriyyəti dövründə parlamentin fəaliyyəti, dövlətçilik ideyasının şüurlara hakim kəsilməsində varislik prinsipinin əhəmiyyəti öz əksini tapmışdır. Bu bölmədə həmçinin, ulu öndərin siyasi varisi, Prezident İlham Əliyevin Heydər Əliyev yolunun davamçısı kimi gördüyü işlər, yüksək səviyyəli Prezident-Parlament münasibətləri ölkənin Birinci xanımı ənənələrinin yaranması məsələləri geniş işıqlandırılmışdır.
Üçüncü bölmədə Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərdiyi illərdə Ali Məclisdə qəbul olunmuş qərarlar və digər sənədlər, dördüncü bölmədə isə ümummilli liderimizin Ali Sovetin sədri olduğu vaxt ölkənin qanunvericilik orqanında qəbul edilmiş qanun və qərarlar toplanmışdır.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabda Milli Məclisin və AZƏRTAC-ın fotoarxivindən götürülmüş çoxlu rəngli və ağ-qara şəkillər verilmişdir.
######
![]() |
![]() |

