“HEYDƏR ƏLİYEV. MÜSTƏQİLLİYİMİZ ƏBƏDİDİR” KİTABININ 21-Cİ CİLDİ ÇAPDAN ÇIXMIŞDIR
“XX əsrdə sözün geniş mənasında ölkəmizdə Azərbaycan məktəbi yaranıbdır. Azərbaycan dilində, xalqımızın öz ana dilində uşaqlara, gənclərə təhsil verən və millətimizi təhsilləndirən məktəb yaranıbdır. Bu, ən böyük nailiyyətlərimizdən biridir. İqtisadiyyat da, həyatın başqa sahələri də bunun üzərindədir. Əgər bizim yüksək səviyyəli məktəbimiz olmasaydı, əgər bütün gənclər, uşaqlar icbari təhsilə cəlb edilməsəydi, əgər ilbəil yüksək səviyyəli müəllim, professor kadrları hazırlanmasaydı, əgər elmimiz inkişaf etməsəydi biz indi nə bu iqtisadi potensiala, nə elmi potensiala, nə sosial potensiala, nə də təhsil potensialına malik ola bilməzdik. Ona görə də bunları unutmaq olmaz və onları qiymətləndirmək, onlarla fəxr etmək lazımdır.
Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra məhz bunun əsasında təhsil sistemini inkişaf etdirməyə başlayıbdır…
Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o, mütləq hər şeydər çox təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün inkanları yaratmalıdır. Biz bu yolla gedirik. Əmin ola bilərsiniz ki, bu yolla da gedəcəyik”.
Bu sözlər “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin Azərnəşr tərəfindən yenicə çapdan buraxılmış 21-ci cildindən - ümummilli liderin 1999-cu il avqustun 31-də Prezident sarayında Azərbaycanın təhsil işçiləri və ali məktəblərə daxil olmuş gənclərlə görüşündəki nitqindən götürülmüşdür və ölkəmizin bugünkü reallıqları ilə son dərəcə ahəngdar səslənir. Ulu öndərin təhsilə, gənc nəslin təlim-tərbiyəsinə diqqət və qayğısı hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə daha geniş miqyasda və məqsədyönlü şəkildə davam etdirilir. Son dörd il ərzində respublikada 1200 yeni məktəb binası tikilmiş, yüzlərlə məktəb əsaslı təmir edilmiş, əlavə korpuslar inşa olunmuşdur. Bu sahədə Heydər Əliyev Fondunun fəaliyyəti də xüsusi vurğulanmalıdır.
Nəşrin buraxılışına məsul Prezidentin İcra Aparatının rəhbəri, akademik Ramiz Mehdiyevdir.
Ümummilli liderin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 30 illiyi münasibətilə 1999-cu il iyulun 13-də təşkil olunmuş sərginin açılış mərasimi barədə AZƏRTAC-ın məlumatı ilə açılan cilddə həmin ilin iyul-sentyabr aylarını əhatə edən materiallar - nitqlər, müsahibələr, təbriklər, bəyanatlar, müxtəlif səviyyələrdə görüşlər barədə hesabatlar toplanmışdır.
Cilddə ulu öndərin Fransa Senatının sədri Kristian Ponsölenin, İranın Şərqi Azərbaycan əyalətinin ostandarı Yəhya Məmmədzadənin, tikinti və şəhərsalma naziri Əli Əbdüləlizadənin, Rusiyanın xarici işlər naziri İqor İvanovun, ABŞ diplomatı Uilyam Teylorun başçılıq etdikləri nümayəndə heyətləri, MDB İcraiyyə Komitəsinin sədri Yuri Yarovla, ATƏT-in Minsk qrupunda ABŞ-ın xüsusi nümayəndəsi Keri Kavano, ATƏT-in sədri, Norveçin xarici işlər naziri Knut Vollebek ilə söhbətləri, YAP İdarə Heyətinin, Siyasi Şurasının, partiyanın qurultayına hazırlıq üzrə təşkilat komitəsinin üzvləri ilə görüşdə, “Əsrin müqaviləsi”nin ildönümünə həsr olunmuş təntənəli mərasimdə nitqləri mühüm yer tutur.
Çoxcildliyin bu kitabında oxucular ümummilli liderin xarici səfərləri, dövlət başçısı kimi fəaliyyətinin müxtəlif sahələri ilə bağlı materiallarla da tanış ola biləcəklər.