HEYDƏR ƏLİYEV PLANETAR MİQYASLI ŞƏXSİYYƏTDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illiyi qeyd edilmişdir. Səfirliyin foyesində 1990-cı il yanvarın 21-də Bakıda 20 Yanvar faciəsi ilə əlaqədar Heydər Əliyevin Azərbaycanın Moskvadakı Daimi nümayəndəliyində çıxışına həsr edilmiş barelyefin açılışı olmuşdur. Qranit üzərində tuncdan hazırlanmış barelyef Heydər Əliyevin obrazını canlandırır. Mərasimdə Rusiyanın və Azərbaycanın rəsmi dairələrinin, Rusiya ictimaiyyətinin və Azərbaycan diasporunun nümayəndələri iştirak etmişdir. Ölkəmizin RF-dəki səfirliyinin sifarişi əsasında və həmyerlimiz İsgəndər Xəlilovun yardımı ilə hazırlanmış barelyefin müəllifi heykəltəraş Natiq Əliyevdir.
Açılış mərasimində çıxış edən Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlu demişdir: “Əgər Heydər Əliyev olmasaydı, Azərbaycanın müstəqil dövlət kimi taleyinin necə olacağını demək çətindir. Heydər Əliyev böyük şəxsiyyət, böyük siyasətçi və böyük insandır”.
Səfirin sözlərinə görə, 20 Yanvar faciəsinin ertəsi günü səhər Heydər Əliyevin Azərbaycanın Moskvadakı Daimi nümayəndəliyinə gəlməsi və Bakıya sovet qoşunlarının yeridilməsini, dinc əhaliyə qarşı törədilmiş qırğını qanlı cinayət adlandırması ilə bağlı xatirəni əbədiləşdirməyə zəruriyyət var idi. Heydər Əliyev həmin faciəyə bu cür cəsarətli siyasi qiymət verən ilk adam idi. Bu, əsl qəhrəmanlıq tələb edən hərəkət, bütün totalitar maşına, bütün mövcud sistemə qarşı sərt bir etiraz idi.
Moskva merinin birinci müavini Lyudmila Şvetsova çıxışında demişdir: “Çox əlamətdar haldır ki, Heydər Əliyevin doğum gününün məhz burada, səfirlikdə qeyd edilməsi həmişə Böyük Vətən müharibəsində Qələbənin ildönümünün bayram edilməsi ilə bir vaxta düşürdü və indi də belədir. O, veteranlara həmişə çox böyük diqqət və qayğı ilə yanaşırdı.
Moskva meri Yuri Lujkov Heydər Əliyevi həqiqətən müasir dövrün görkəmli insanlarından biri, yüksək intellektə malik parlaq şəxsiyyət, öz Vətəninə, öz xalqına sadiq insan kimi qiymətləndirir. Onun əvvəllər sovet dövlətinə, sonra isə doğma müstəqil Azərbaycana həsr etdiyi illər gərgin əmək illəri idi. Onun bioqrafiyasına nəzər salsaq görərik ki, Heydər Əliyev həmişə, hətta SSRİ rəhbərliyinin siyasəti ilə razı olmadığına görə vəzifədən getməyə məcbur olduğu dövrdə də aktiv fəaliyyət göstərmişdir. O, Moskvanın küçələrində, yaşadığı yerin yaxınlığında tənha gəzişəndə də fikrən öz xalqına növbəti dəfə fayda vermək üçün planlar qururdu. Onun Vətənə qayıtması tarixi məqam oldu. O, uzun illər boyu Azərbaycana rəhbərlik etmiş və özündən sonra təkcə öz işinin davamçılarını deyil, xalqın mənafeyi naminə, ölkənin inkişafı naminə həyata keçirilməli olan möhtəşəm bir proqram qoyub getmişdir.
Yadımdadır, o, Moskvada işləyərkən illər boyu heç bir irəliləyiş əldə edilməyən bir məsələni - yetim uşaqlara qayğı haqqında böyük bir dövlət sənədi qəbul edilməsi məsələsini məhz o qaldırmışdı. Heydər Əliyev ölkə miqyasında bu məsələyə dair qərar qəbul edilməsinə nail olmuş, özünün nəcib insani keyfiyyətlərini, atalıq qayğısını bu sənəddə əks etdirmişdi. Bu, çox yüksək mənəviyyat nümunəsi olan hərəkət idi.
Heydər Əliyev Azərbaycan ilə Rusiya arasında dərin, möhkəm qarşılıqlı münasibətlər qurulması üçün çox iş görmüşdür. O, postsovet məkanında Rusiya ilə münasibətləri yeni şəraitdə quran gənc müstəqil dövlətlərin ən müdrik rəhbəri idi. Heydər Əliyevin bu sahədə siyasəti müdrik siyasət idi və təsadüfi deyildir ki, Azərbaycan rus dilində təhsilin inkişaf etdiyi, rus məktəblərinin qorunub saxlandığı ölkə olaraq qalmışdır. Heydər Əliyev çalışırdı ki, Azərbaycan ilə Rusiya arasında, xüsusən ticarət-iqtisadi sahədə münasibətlər ən səmərəli və qarşılıqlı faydalı münasibətlər olsun. Heydər Əliyev mədəniyyət xadimlərinə həmişə diqqət və qayğı göstərir, səhnədə baş verən hadisələrə həssas reaksiya verirdi. Konsertlərdən, başqa mədəni tədbirlərdən sonra o, hökmən artistlərin yanına gəlirdi. Ümumiyyətlə, bu səviyyəli rəhbərlər belə hərəkətləri tez-tez etmirlər, bunu edənlər də Heydər Əliyev kimi etməyi bacarmırlar. Ondan nümunə götürmək lazımdır. Axı o, hər kəsə öz təşəkkürünü bildirmək üçün lazımi söz seçməyi bacarırdı. O, cazibədar insan idi, onunla ünsiyyətdə olmaq xoş idi, bu insanla söhbətdən sonra hamı ona məftun olurdu. O, dövlət miqyaslı, çox yüksək intellektual potensiala və insani keyfiyyətlərə malik olan, qeyri-adi prinsipiallığı ilə fərqlənən rəhbər idi. Taleyin bütün dolaylarında o, həmişə fəal həyat mövqeyi tuturdu. Azərbaycan xalqı, Heydər Əliyevi tanıyanlar, dövlətlərarası siyasətin qurulmasının nə demək olduğunu başa düşənlər onun nurlu xatirəsini ürəklərində yaşadırlar. Onu təkcə Moskvada deyil, bütün Rusiyada çox sevirlər. O, təkcə doğma Azərbaycan üçün deyil, bütün Sovet İttifaqı üçün çox xeyirli işlər görmüşdür. Buna görə də Heydər Əliyevin 85 illiyi günündə onun haqqında bu cür xoş sözlər deyirik, onun xatirəsini ən layiqli insanın xatirəsi kimi əziz tuturuq”.
General-polkovnik, vaxtilə Bakıda yerləşən 4-cü ordunun komandanı, Azərbaycan KP MK bürosunun üzvü olmuş Aleksandr Kovtunov demişdir: “Mən yeddi il Heydər Əliyevlə işləməli olmuşam. Mən diviziya komandiri kimi Bakıya gələndə onun şöhrəti bütün SSRİ-də və onun hüdudlarından kənarda yayılmışdı. Heydər Əliyev qeyri-adi rəhbər, bütün sahələrə dair ensiklopedik biliklərə malik olan dahi insan idi. Üç ildən sonra mən daha yüksək vəzifəyə təqdim ediləndə Heydər Əliyev şəxsən mənim işimdən razı olduğunu bildirmişdi. O, hərbi işə çox dərindən bələd idi, regiondakı vəziyyəti əla bilirdi. O, hər bir tədbirə respublikanın elmi təfəkkür qaymaqlarını toplayır, saatlarla işləyir, bütün məsələləri incəliklərinə qədər öyrənir, müzakirə edirdi. Heydər Əliyev kadrların, o cümlədən perspektivdə Azərbaycanın rifahı naminə işləyəcək kadrların inkişafını diqqətlə izləyirdi. Şəxsən məni o, həmin dövrdə yaradılmış C.Naxçıvanski adına ixtisaslaşdırılmış internat-məktəbin kuratorlarından biri vəzifəsinə təyin etmişdi. Biz məşğələlər, təlimlər keçirdik. O, nəinki hərbi məktəbdə oxuyanlara nəzarət edir, hətta ucqar rayonlarda da öz istedadı ilə diqqəti cəlb edən adamları axtarıb tapırdı. Heydər Əliyev bilavasitə kəndlərdən istedadlı uşaqların təhsil almaq üçün Moskvaya göndərilməsinə şəxsən özü şərait yaradırdı. O, respublikanın rəhbəri olduğu dövrdə dərin özüllər zavodunu, kondisionerlər zavodunu, onlarca başqa müəssisə yaratmış və bu müəssisələr həmin dövrdə işə salınmışdı. O, respublikaya ürəkdən can yandırırdı və görünür, onun qəlbi indi də respublikadadır. Mən başqa bir hal təsəvvür edə bilmərəm. Heydər Əliyevin ruhu onunla işləmiş, onu tanıyan hər kəsin qəlbindədir. SSRİ dağılandan sonra respublika rəhbərlərindən yalnız o, hərbçiləri, generalları Moskvadakı səfirlikdə toplayıb onlarla məsləhətləşirdi. Mən də 1994-cü ildən bəri, demək olar, hər il onun ad günü ərəfəsində Azərbaycanın Moskvadakı səfirliyində oluram. Belə insanı unutmaq olmaz. O, həqiqətən planetar miqyaslı insandır və bizim xatirimizdə daim belə qalacaqdır”.
Ən yeni dövrdə Heydər Əliyevin böyüklüyü ondan ibarətdir ki, o, öz ölkəsini milli fəlakətdən xilas etmişdir. Bunu həmişə yadda saxlamaq və başa düşmək lazımdır. O, çox gözəl başa düşürdü ki, SSRİ-də baş verən hadisələr nə ilə nəticələnə bilər. 1990-cı illərdə Bakıda baş verən hadisələrdən sonra onun gözlədikləri düz çıxdı.
Bu gün hər ölkənin öz maraqları var, Rusiyanın öz marağı, Azərbaycanın öz marağı. Lakin unutmamalıyıq ki, bizim ittifaqın çox böyük gücü var. Heydər Əliyevi çox incitdiklərinə baxmayaraq, bu həqiqəti heç vaxt unutmurdu. O bilirdi ki, siyasətçi hər hansı şəxsi incikliklərdən yüksəkdə olmalıdır. Hesab edirəm ki, iki böyük xalq - Azərbaycan və rus xalqları yeni yüzillikdə uzun və xoşbəxt ömür sürməlidir”.
Sonra çıxış edən Moskvadakı 157 nömrəli Azərbaycan etnomədəni komponentli orta məktəbin direktoru, Azərbaycanın əməkdar müəllimi Aida Quliyeva bildirmişdir ki, bu məktəb şəxsən Heydər Əliyevin köməyi ilə açılmışdır və bir növ onun övladıdır. Biz təkidlə xahiş edəcəyik ki, bu məktəbə Heydər Əliyevin adı verilsin.
Mərasim iştirakçılarına “Baku” jurnalının Heydər Əliyevə həsr edilmiş xüsusi buraxılışı paylanmışdır.
######
![]() |
![]() |

